BİA.az Özəlləşmə nəticəsində biznes mühitində daha bir müəssisə fəaliyyətə başlıyacaq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin 12 aprel tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Varvara Balıq” ASC-nin özəlləşməsi üzrə investisiya müsabiqəsi elan edilib.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.
Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracaq. Həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitinin köçürülməsini üzərinə götürüb.
Bu açıq səhmdar cəmiyyətinin yenidən qurulması bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.
Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.
Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.
Qeyd edilməlidir ki, müəssisəyə qoyulması nəzərdə tutulan investisiyaların bir il ərzində yatırılması, görüləcək işlər nəticəsində 150 yeni iş yerinin yaradılması planlaşdırılır.