Bia.az İndi bütün ölkə Elina faciəsindən danışır
Bu mövzunu qələmə alarkən Ulu öndər Heydər Əliyevin bir nəsihətnaməsi yadıma düşdü:
“Bir hadisənin qarşısını vaxtında almaq, o hadisə baş verəndən sonra onun törətdiyi nəticələri aradan qaldırmaqdan daha asandır”. Yeniyetmə Hacıyeva Elina balamızın intiharı bir insan olaraq, vətəndaş olaraq yazar jurnalist olaraq mənim də qəlbimdə dərin bir kədərli iz buraxdı. Öz-özümə sual edirəm nə üçün belə oldu, niyə bu hadisə baş verdi, duymadıq, yazmadıq? Bəlkə elə bir qələm əhli kimi “Məktəb” qəzetinin redaktoru kimi, mənim də hamılıqla indi bar-bar bağıran sosial şəbəkələrdə ağa qara deyən, qaraya ağ deyən bu dövlətin firəvanlığını gözü götürən və gözü götürməyən insanların da günahı var.
Yoxsa ki, baş verən bu hadisə elə Elina balamızın bir taleh yazısı, alın yazısı idi. Fikir bir yana gedir, iman bir yana, dedi-qodular da kəsilmir. İndi hadisə olub artıq Elina balamızı geri qaytarmaq mümkün deyil. Elə haqqında cinayət işi qaldırılmış ev dustağı elan olunmuş 162 nömrəli məktəbin direktoru Sevinc Abbasovanın da halına acımamaq olmur. O da istəməzdi bu hadisə baş versin. Məktəb direktorunu da indi yetişdirmək elə asan iş deyil. Yəqin ki, yaxşı təhsil işçisi olduğu üçün Nazirlik tərəfindən irəli çəkilib direktor təyin edilmişdir. İşlədiyi müddətdə də Təhsil Nazirliyi tərəfindən heç bir narazılıq və xəbərdarlıq almamışdır. Elə bir şey olsaydı yəqin ki, bu məsul işdə onu saxlamazdılar. Bax belə buda qəza və qədəriymiş. Elina balamızla bərabər bir könlü təhsil işçimizi də itirdik…!
Mən buna qəza, qismət deyirəm, Allah hamımıza səbr versin. Elina balamız bir cənnət quşu idi, uçub getdi cənnətə haqq evinə, Sevinc xanımın isə günahı oldu, olmadı həmişə bu hadisənin açısını çəkəcək, özünü günahkar ssayacaq, diriykən özünü ölü sayacaq. Axı hər şeydən əvvəl o da bir anadır, müəllimdir, onun da övladları var. Ey insanlar imanlı olun, mərhəmətli olun, İmanı da, mərhəməti də göydən Allah tərəfindən mələklər endirib bizə, gəlin ona riayət edək.
Bəs kimdir Elina balamızın bu hadisəsində günahkarı özüm-özümə sual edirəm. Və bu vaxt məşhur “Onu bağışlamaq olarmı?… kinosu yadıma düşür:” Bəlkə elə günahın hamısı haqsız yerə sürükləndiyimiz müharibədir…!
Lakin indi sosial şəbəkələri izlədikcə dəhşətə gəlirəm, elə bil ki, qara qüvvələrin əlinə bir girəvə düşüb. Kimin kimdən xoşu gəlmir başlayıblar qarayaxmalara, yalanlar, şantajlar nəyə lazımdır bu işlər, kimə lazımdır…? Bu işdə heç bir günahı olmayan insanlara qarşı heç bir dəlil, sübut olmadan onları günahlandırmaq, onların qəlbini qıraraq, psixoloji təsirlər edən şəxslər fikirləşmirlər ki, Elina balamızın ruhunu incidirlər.
Bu sətirləri yazarkən göz yaşlarımı saxlaya bilməyirəm, axı nəyi nə ilə manimulyasiya edirsiniz, (deyirlər kişilər ağlamaz) Çünki olan bizə oldu, o tək ata-anasının balası deyildi, həm də bu xalqın balası idi. Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elina balamızın ata-anasına dərin hüznlə ailəmiz adından və həqiqi qələm sahibləri adından dərin hüznlə baş sağlığı verirəm. Deyirəm ki, başın sağ olsun, Vətən!
İndi bu hadisə haqqında bütün ölkə danışır və istintaq gedir. Prezidentimiz və birinci Vitse-prezidentimiz də bu işi xüsusi sərəncama götürüblər. Söz yox ki, hər şey şəffaf olacaq.
Yuxarıda qeyd etdiyim kimi, bu hadisə ilə bağlı bütün sosial şəbəkələri izləyirəm və izlədikcə həyatdan nakam getmiş bir qızcığazın faciəsindən istifadə edək insanlara qarşı yalan, böhtan rəylər verirlər. Bu anda fikirləşirsən ki, ilahi bu insanlar bu əqidə ilə belə qarayaxmalarla hara gedirlər. Heç Allahdan qorxmurlar!…
Elina məsələsində adı hallanan Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə xanım Bayramovanın adının hallanması məni də bir araşdırmaçı jurnalist kimi fikrimi cəlb etdi. Səbəb o idi ki, deyilənlər heç biri hüquqi əsası yox idi, heç bir əsaslı fakt ortaya qoyulmadığı halda Xalidə xanımın adı hallandırılır. Az çox istintaqdan başı çıxan adamlar yaxşı bilirlər ki, bir insan o işdə adını hallandırmaq üçün o işdə suçun motivi olmalıdır. Sosial şəbəkələrdən eşitdiyim və oxudum sözlərin heç birində Xalidə xanıma dair bu işdə heç bir motiv yoxdur ki, hətta onu mənən də günahlandırsınlar.
Məhz bunun üçün də öz eşitdiklərimi də oxuduqlarımı da bir yana qoyub bir şifahi jurnalist araşdırması apardım ki, görüm həqiqət nədir. Düz üç gün Səbail rayonu ərazisində oldum. Sadə insanlardan tutmuş kamxoz işçiləri, icra hakimiyyətinin işçilərinə qədər, siravi müəllimlərə hətta əvvəllər o məktəbdə işləmiş müəllimlərdən şagirdlərdən həm hadisə haqqında, həm də Xalidə xanım haqqında sosioloji sorğu keçirdim, məlumat topladım, müşahidələr (məktəb ətrafında) etdim. Demək olar ki, vicdan deyib bir jurnalist araşdırması apardım. Görüşdüyüm insanların hamısı bu hadisənin faciənin təsiri altında idi. Elə bil ki, bu işdə, hamı özünü günahkar sayırdı. İnsanlarda bu abu-havanı görəndə, qayğını görəndə peşmançılığı görəndə adam qürurlanır ki, mənim belə xalqım var.
Xüsusən Xalidə xanım Bayramovaya gəldikdə isə insanlar bu xanım haqqında o qədər ağzı dolusu xoş sözlər danışırdılar: – Onlar Xalidə xanımın yüksək səviyyədə savadlı, elmli-helmli, işgörmə qabiliyyətindən insanlarla çox mehriban davranmasından, hər şeydən əvvəl gözəl bir insan olmasından icra hakimiyyətinə qəbula gedəndə onların hər vəchlə qayğısına hörmətlə, izzətlə yanaşmasından problemlərin tez və operativ həll olunmasında daima onlara yardımçı olduğunu dedilər. Ərazidə olan sadə insanların hamısı bir ağızdan Elina məsələsində Xalidə xanımın adının manipilyasiya edilməsini pisləyirdilər. Hətta adının hallanmasını istəməyən bir müəllim söylədi ki, biz o qədər çaşqınlıq içindəydik ki, elə bil hamımız şoka düşmüşdük, donub yerimizdə qalmışdıq, heç nə edə bilmirdik. Xalidə xanımın məktəbə təcili gəlişindən sonra elə bil ki, hamımız ayıldıq. O, tez və cəld bütün operativ tədbirləri gördü, təcili yardım maşınını bir neçə dəqiqəyə gətirtdi. Əgər bu işdə bir suç varsa günah biz təhsil işçilərindədir. Xalidə xanımlıq burada nə var ki, sadəcə o xanımın yaxşı rəhbər olduğu üçün heç vaxt haqqı-nahaqqa vermədiyi üçün bəzi qara qüvvələrin ondan xoşu gəlmir. Deyirlər girəvədir görək onu ləkələyə bilərikmi.
İlahi, bu əqidə ilə yaşayan insanlara nə deyəsən axı?!
Elina balamızın bu ağır faciəsindən istifadə edib başqasının xoşbəxtliyini, xoşbəxt əməllərini heçə endirmək istəyirlər. Ancaq bir iş də var ki, göydə Uca Tanrı, yerdə də Prezidentimiz və Birinci Vitse-Prezidentimiz heç vaxt haqqı-nahaqqa verməyirlər. Özü də bütün günü xalqın yanındadılar! Elin gözü tərəzidir Xalidə xanım, sizi el sevir, el gücü, sel gücüdür. Ona görə də bu qarayaxmalar ilə məşğul olan adamların qara əməllərini, qara sellər qara çuxura yuyub aparacaq. İnşallah…!
Qələmə aldı,
Surxay Şirvanoğlu,
“Məktəb” qəzetinin redaktoru
Tel: 050 477-86-92
P.S: – İndi bəzi məktəblərdə elə bir tendensiya yaranıb ki, müəllimə hörmət-izzət itib. Müəllim qorxusundan hətta şagird dərsini bilməyəndə belə, ağzını açıb şagirdə nə ağ, nə qara, bir söz deyə bilmir. Bu yazı vasitəsilə orta yaşlı insanlara yaş sinnisi 50-ni keçmiş həmkarlarıma səslənirəm. Axı, biz də şagird olmuşuq, tələbə olmuşuq, müəllimlərimiz bizi döyüblər, söyüblər də, amma heç vaxt valideynlərimiz məktəbə gəlib müəllimlərə hücum çəkməyiblər ki, niyə mənim övladımı döymüsünüz. Evdə də uşaq deyəndə ki, müəllim məni döyüb, valideynlərimiz bizi günahlandırıblar müəllim yaxşı edib. Ya dərsini bilməmisən, ya da ki, tərbiyəsizlik etmisən. Biz müəllim – valideyn münasibətlərini belə görmüşük. Hətta müəllimin günahı olsa belə, heç vaxt onu uşağın yanında müəllimin üzünə vurmamışıq. Bax, indi bizim faciəmiz bundadır. Gəlin hamılıqla müəllimə olan inamı, etibarı, hörməti geri qaytaraq.
Məşhur rus ziyalı-pedaqoqu Propopev hələ o vaxt deyirdi ki, təhsildə 80-90 % kişilər olmalıdır. Mən beş ildir durmadan mətbuatda yazıram ki, kişilər, məktəblərə qayıdın, lakin bu günə qədər səsimə səs verən olmayıb…