BIA/az “Cari təsərrüfat ilində 1 milyon 85 min hektar sahədə taxıl əkilib, orta məhsuldarlığın daha yüksək olması gözlənilir”
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Nazir bildirib ki, 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır: “Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. 800 ton yaş barama istehsalı üçün hazırlıq işləri başa çatdırılıb”.
İnam Kərimov qeyd edib ki, cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşımızda duran vacib hədəflərdəndir.
“Həmçinin yeni meyvə bağlarının salınması, o cümlədən fındıq sahələrinin 84 min hektara çatdırılması, badam və qoz bağlarının sahələrinin genişləndirilməsi həllivacib məsələlər kimi qarşımızda durur. Zeytunçuluq, çayçılıq, çəltikçilik, sitrusçuluq, üzümçülük sahələrinin inkişafının dəstəklənməsi də əsas prioritetlərimizdəndir”.
Nazir, həmçinin vurğulayıb ki, cari ildə mineral gübrə və pestisidlərlə təminatla bağlı hazırlıq işləri tam yekunlaşıb: “Tapşırığınıza əsasən fermerlərin texnika ilə təchiz olunması diqqətdə saxlanılıb. Ötən il “Aqrolizinq” tərəfindən 6046 ədəd müasir texnika, o cümlədən 108 ədəd pambıqyığan və 250 ədəd taxılyığan kombayn alınıb. Artıq bu ildən fermerlər texnikanı “Aqrolizinq” ASC-dən deyil, 40 faiz güzəşt və 5 il faizsiz kredit tətbiq edilməklə, istədikləri şirkətdən ala biləcəklər”.