Azaraq Ermənistana keçən azərbaycalıəməliyyat olundu

556

Ria24.az Ermənistanda girovluqda olan Azərbaycan vətəndaşı Elvin İbrahimov aprelin 24-də Yerevanın “Erebuni” Tibb Mərkəzində əməliyyat olunub.

Bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatına görə, E.İbrahimovun tibbi müayinəsi nəticəsində onun təcili cərrahi müdaxiləyə ehtiyacının olduğu müəyyənləşdirilib. Əməliyyat zamanı xəstənin mədəsindən yad cisim çıxarılıb. Hazırda o, daimi həkim nəzarəti altındadır. Həkimlər onun vəziyyətini sabit olaraq qiymətləndirirlər.

“Ermənistanın Ədliyyə və Səhiyyə nazirliklərinin bütün addımları Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib”, – Ermənistanın Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu, anasının dediyinə görə, bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girovluğunda saxlanılır.

Daha əvvəl Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova E.İbrahimovla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yelena Ajmone Sesseraya müraciət ünvanlayıb.