Krevetlərin inanılmaz faydası: infarktdan xilas edir

590

BİA.az Elə maddələr mövcuddur ki, (müxtəlif antioksidantlar) onlardan uzun müddət istifadə zamanı ürək-damar sistemi möhkəmlənir, ürəyin işemik xəstəliyinin, miokard infarktının, hipertoniya xəstəliyinin və insultun yaranma riski azalır.

Mütəxəssislər sözügedən maddələrə bəzi balıqların, quşların və bitkilərin toxumalarında daha çox rast gəlindiyini bildirir.

Avstraliya alimləri kiçik dəniz heyvanları olan krevetlərin başlarından antioksidant maddə olan astaksantin piqmenti almağa müyəssər olublar.

Bu kəşfin müəllifi Yeni Cənubi Uels Universitetinin əməkdaşı Renak Karappasvamidir. Onun sözlərinə görə, bu xırda dəniz xərçənglərinin bişirilmə zamanı qızarmasına səbəb olan həmin piqment öz xassələrinə görə meyvə və tərəvəzlərdə aşkar edilmiş ən güclü antioksidantlardan 10 dəfə, E vitaminindən isə 500 dəfə təsirli antioksidantdır.

O, insan hüceyrələrini qocalmadan müdafiə edir.

Astaksantin ilk dəfə alimlər tərəfindən 1936-cı ildə iri dəniz xərçəngləri olan omarlardan alınıb. Bu maddə dərinin epiteli qatının qabıqdan çıxması prosesində iştirak edir, hüceyrələrin yeniləşməsini stimullaşdırır, insan orqanizmini xarici və daxili toksik təsirlərdən müdafiə edir.

Ümumiyyətlə, bəzi qida maddələri, A, C və E vitaminləri, selen və sink də antioksidantlardır.