Azərbaycanda son 30 ilin ən soyuq apreli – SƏBƏBİ İSƏ…

554

BİA.az “Belə hava şəraiti aprel ayı üçün səciyyəvi deyil və son 30 ildə Azərbaycanda müşahidə edilməyib”.

Bu barədə ONA-ya Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

O bildirib ki, havanın mövsümə görə soyuq keçməsinin səbəbi soyuq Şərqi Avropa düzənliyi üzərində aktiv hava kütlələrinin hakim olmasıdır:

“Bu hava, adətən, Şimal buzlu okean üzərində, Skandinaviya, Qrenlandiya üzərində formalaşır və şimal-qərbdən Azərbaycana daxil olur. Beləliklə, bütün Şərqi Avropa düzənliyini, Moskva ətrafını, Rusiyanın mərkəzi rayonlarını tamamilə əhatə etdiyinə görə bunun bir hissəsi də antisiklon vəziyyət yaradır və bizim ərazimizə daxil olur. Fərqli cəhəti odur ki, bu, bir qədər uzun çəkdi, çünki bir hava kütləsi bizdə, adətən, bir-iki gün hakim olur. Ancaq bu il aprelin 19-da başlayıb, təqribən 24-25-nə qədər də ərazimizdə bu hava kütləsinin hakim olmasını gözləyirik. Yağış yağacaq, orta dağlıq ərazilərdə qar yağması da müşahidə ediləcək. Sabah küləyin artması da müşahidə edilə bilər ki, bu da aprel ayı üçün səciyyəvi deyil”.

Direktor müavini belə hava şəraitinin meyvəçiliyə ziyanından danışıb: “Ağaclar vaxtında ayılıb, çiçək açıb. Məsələn, alça, ərik, badam bunlar bir az qabaq çiçək açıb deyə, onlara heç nə olmayacaq, alma-armud isə indiki dövrdə çiçək açıb deyə onların hamısı məhv olacaq. Havanın taxılçılığa, pambıqçılığa, bir illik bitkilərə mənfi təsiri yoxdur. Ağac bitkilərin, xüsusən çəyirdək meyvəçiliyə böyük zərəri var”.

Fəlsəfə doktoru bildirib ki, iqlim dəyişmələri prosesi ilə dəyişkən havaları izah etmək olmaz:

“Müəyyən ərazilərdə istiləşmə olduğu kimi, müəyyən ərazilərdə də soyuqlaşma müşahidə oluna bilər. Lakin mülayim dəniz aktiv hava kütlələrinin bir az uzun müddətə ölkədə qalmasını, sadəcə, ümumi iqlim fonu ilə izah etmək lazımdır. İqlim dəyişmələri oldu, aprel soyuq keçdi, iqlim dəyişmələrinə görə hava soyuq keçməsin i izah etmək elimdən kənar məsələdir. Aktiv hava kütlələri, yəni kontinental aktiv və dəniz aktiv hava kütlələri bütün Avropanın şərq hissələrini tutduğu, Avropanın şimalında paralel istiqamətdə dağlar olmadığı üçün onlar sərbəst şəkildə daxil olurlar. Bu hava kütlələri bizim əraziyə Qara dənizdən keçərək, Gürcüstandan gəlir, hav şəraitinin soyuq olmasına səbəb olur”.