Kürdə suyun səviyyəsi artdı

555

BİA.az Çaylarda suyun səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində yağan intensiv yağış nəticəsində əksər çaylarda sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın olmaqla 60-100 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 23 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 480 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 65 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 440 kub/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 54 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 196 kub/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 117 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 187 kub/s təşkil etməklə ongünlük normadan cox olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 45 sm artaraq 427 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 19-da isə 388 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artaraq 139 sm qeydə alınıb. 2018-ci il aprelin 19-da isə bu rəqəm 239 sm təşkil edib. Salyanda suyun səviyyəsi 24 sm artıb və 173 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 180 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 21 sm artaraq 188 sm olub və bu göstərici 2018-ci il aprelin 19-da 175 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm artaraq 125 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 19-da isə 95 sm təşkil edib.