Bakıda falçının əl-ayaqlarını bağlayıb öldürdülər

620

BİA.az Bakının Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 1985-ci il təvəllüdlü Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.

Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilən Namiqin apelyasiya şikayəti təmin olunmamasından sonra o, Ali Məhkəməyə üz tutub. Namiq Vəkilov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Qeyd edək ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.

Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.

Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.

O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.

Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli “Tramadol” həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.