“Karvan”da malları yanan sahibkarlar prezidentə müraciət etdilər

577

BİA.az  ““Diqlas”dakı sahibkarların malı kimi, bizim də malımız “Karvan”da yanıb. Amma 6 ildir kompensasiyamızı ala bilməmişik”.

Bu barədə Unikal.org-a Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzindəki yanğında malları məhv olan sahibkarlar Şirəli Əsgərov və Füzuli Quliyev yazıb. Sahibkarlar bildiriblər ki,  2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən yanğın zamanı onlara ümumilikdə 225 min manat zərər dəyib. Bu zərərin miqdarı məhkəmə tərəfindən də rəsmən təsdiqlənsə  də “Karvan”ın icraçı direktoru Kamil Əhədov ziyanı  ödəməkdən imtina edir.
Sahibkarlar  saytımız vasitəsiylə Prezident İlham Əliyevdən kömək istəyirlər: “Sizin vasitənizlə  cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirik. Banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik, acınacaqlı vəziyyətdəyik. Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız humanist addımdır. Bu qərarınızla sübut etdiniz ki, dövlət bütün hallarda vətəndaşın yanındadır. Prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız, laqeyd qalmırsınız”.
Şikayətçilər istəyirlər ki, “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi onlara da kömək edilsin:
“Bizim ailələri də sevindirin, dəyən ziyanın ödənilməsi üçün göstəriş verin cənab president. Ziyanımız məhkəmə tərəfindən də tanınıb. Miqdarı “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq, dəqiq müəyyən edilib. Ziyanın kimin ödəməli olması da məlumdur. Bu, “Karvan” Ticarət Mərkəzinin rəhbərliyidir. Hansı ki, bizim malların təhlükəsizliyinə cavabdeh idilər. Bununla bağlı o zaman cinayət işi də açılmışdı. Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki, hüquqlarımız təmin olunsun. Bizə dəyən ziyan ödənilsin. Maddi, mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaşlar kimi sizdən bu məsələni öz nəzarətinizə götürmənizi xahiş edirik”.
Xatırladaq ki, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cü il oktyabrın 19-da yanğın olmuşdu. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanmışdı. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanmışdı.