Heydər Əliyev və Azərbaycan mədəniyyəti

325

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Deyirlər ki, həyatda əvəzolunmaz insan yoxdur. Mənə elə gəlir ki, bu sözlər o qədər də düzgün deyil. Həyatda əvəzolunmaz insanlar olur. Lakin bu insanlar yüz ildə, min ildə bir dünyaya gəlirlər. Həmin insanlar öz işləri, əməlləri ilə tariximizdə elə silinməz izlər qoyurlar ki, illər, bəlkə də əsrlər keçsə belə, bu iz öz əbədiliyini qoruyub saxlayaraq həmin insanı dahi şəxsiyyətə çevirir. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyev kimi!

Ümummilli lider Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan Respublikasına rəhbərliyi zamanı mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı göstərib. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyini, dövlətçiliyini xilas etməklə bərabər, millətin taleyi üçün misilsiz əhəmiyyət daşıyan mədəniyyət sahəsini də böhrandan qurtardı. Cəmiyyətdə mədəniyyət xadimlərinin rolu yüksəlməyə başladı. Dahi rəhbər daim mədəniyyətimizin böyük himayədarı olub. Görkəmli sənətkarların yubileylərinin keçirilməsi, yaradıcı şəxslərin təltif edilməsi, mədəniyyət və incəsənət xadimlərinə Prezident təqaüdünün təyin edilməsi, bu sahədə çalışan insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində digər addımlar Heydər Əliyevin mədəniyyətimizə qayğısının nümunəsidir.

“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik, zəka mənbəyidir” – bizim hamımız üçün böyük şüara çevrilmiş bu dahiyanə sözlərlə Ümummilli lider kitabxanaların insan həyatındakı rolunu diqqətə çatdıraraq, bu sahəyə  də qayğısını əsirgəməyib.

Tarixi böyük şəxsiyyətlər müəyyən edir. Heydər Əliyev Azərbaycan tarixinə böyük şəxsiyyət kimi daxil oldu, xalqın liderinə çevrildi və həyatdan getsə də, ölümsüzlüyə qovuşdu. Onun məzarı müqəddəs ziyarətgah oldu. Bakıya gələn hər bir mötəbər qonaq, eləcə də sıravi insanlar Ulu öndərin məzarına baş çəkərək onun xatirəsini ehtiramla yad edirlər. Bu da dünyanın böyük dövlət xadiminə, xalqımızın öz əbədi liderinə olan dərin hörmət və məhəbbətidir.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman Ulu Öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür.

Hazırda müstəqillik və demokratiya yolunda inamla irəlilədiyimiz bir vaxtda cəmiyyət həyatında insanların potensial qüvvələrinin, fərdi qabiliyyətinin işə salınması həyati tələbata çevrilmişdir. Mədəni həyatın demokratikləşdirilməsi, gənclərin, yeniyetmələrin, əmək qabilliyətli insanların bu prosesdə yaxından iştirakı, əhalinin mədəni həyat səviyyəsinin daha da gücləndirilməsi yolunda böyük addımlar atılmışdır.

Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur.

Qədim zəngin baddi və mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik.

Əlisultan Sadıxov

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi