Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir

252

Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir

“Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.”

Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti,  dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.

Xalqımızın böyük oğlu, görkəmli siyasətçi respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanda milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsasını müəyyənləşdirmişdir. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir. Təsadüfi deyil ki, ümummilli liderimiz çox-çox sonralar respublikamıza rəhbərlik etdiyi həmin illəri xatırlayaraq o zaman hər hansı bir işi görərkən məhz Azərbaycanın bugünkü  müstəqilliyini düşündüyünü etiraf etmişdir.

Ümummilli lider Heydər Əliyevin respublikamıza ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin ən zəngin səhifələrini təşkil etmişdir. Həmin illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olmuşdur. Dövlət həyatının bütün sahələrində misli görünməmiş canlanma baş vermiş, qısa müddət ərzində respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmağa başlanmışdır. Bütövlükdə isə 1969-1982-ci illər  Azərbaycanda xalq təsərrüfatının sürətli inkişaf və tərəqqi dövrü kimi tarixə düşmüşdür. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində həmin illərdə Azərbaycan geridə qalmış aqrar respublikadan sürətlə inkişaf  edən aqrar-sənaye respublikasına çevrilmişdir. Bununla yanaşı, sənayenin aparıcı istiqamətlərindən sayılan neft və kimya sahələrində əmtəə dövriyyəsi xeyli artmış, respublikamızda iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. Məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, mövcud potensialdan səmərəli istifadə edilməsi nəticəsində Azərbaycanda iqtisadi fəallıq xeyli artmış, respublikamız bir sıra məhsulların istehsalına görə Sovet İttifaqında qabaqcıl yerlərə çıxmışdır. Dahi liderin səyləri nəticəsində Azərbaycan, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdır. Sənaye obyektlərinin sayı artırılmış, məhsul istehsalının həcmi yüksəldilmiş, kənd təsərrüfatı sahəsində sürətli inkişaf əldə edilmişdir. Bütün bunlar, heç şübhəsiz,  mövcud avtomobil yolları şəbəkəsinin genişləndirilməsi, bərpa edilməsi və  yenidən qurulması zərurətini  yaratmışdır. Xatırladaq ki, həmin müddətdə respublikada yolların uzunluğunun 1,2 dəfə artması ilə yanaşı, yük gərginliyi 1,5, hərəkətin intensivliyi isə 2 dəfə çoxalmışdır.

Ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycanın çətin günlərində xalqımız müdrik qərar qəbul edərək yenidən Heydər Əliyevi ali siyasət kürsüsünə dəvət etdi. Azərbaycanı üzləşdiyi siyasi xaosdan, dərin iqtisadi böhrandan xilas etmək kimi son dərəcə çətin və şərəfli missiyanı üzərinə götürən ümummilli lider Bakıya qayıtdı. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Ümummilli lider bu sahənin ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək islahatların aparılmasını daim diqqətdə saxlayırdı. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində bu sektorun inkişafı məqsədilə struktur dəyişiklikləri aparıldı, 1998-ci il avqustun 5-də Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsis edildi, 2003-cü il iyun ayının 23-də isə nazirliyin tabeliyində “Yolnəqliyyatservis” Departamenti yaradıldı. Respublika və yerli əhəmiyyətli avtomobil yolları adıçəkilən departamentin balansına götürüldü, onun tabeliyinə verilən yol istismar idarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə, yol təsərrüfatının inkişafında yeni mərhələ başlandı.

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ulu öndərin  gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabr ayında Heydər  Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini  daha da artırdı. 2001-ci il iyulun 4-də “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandı. Məhz həmin fərmana əsasən, ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisinə bilavasitə cavabdehlik daşıyan təşkilatlar və onların üzərinə düşən vəzifələr müəyyənləşdirildi.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə respublikamızın həyatında, xalqımızın taleyində elə bir əzəmətli rol oynamışdır ki, bu, əsrlər boyu unudulmayacaqdır. İndi müstəqil Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər  Əliyevin gərgin əməyinin, parlaq zəkasının izləri hiss olunmasın.

Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynamışdır. Bu gün müstəqil Azərbaycan sürətli və dinamik inkişaf yolunda inamla irəliləyərək regionun lider dövlətinə çevrilmiş, həm də dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınmış, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur. Ölkə həyatının bütün sahələrini əhatə edən yeniləşmə və müasirləşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır ki, bu da analoqu olmayan inkişaf tempi kimi bütün dünyanın diqqətini cəlb etmişdir.

Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasət dayanır. Ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında baş vermiş köklü dəyişikliklər və misilsiz nailiyyətlər də bu strategiyadan, bu siyasətdən qaynaqlanır. Ulu öndərin inkişaf strategiyasını yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirən, onu daha zənginləşdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, həyatın bütün sahələri ilə yanaşı, yol təsərrüfatında da sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. Məhz bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, son illər paytaxt Bakıda, eləcə də regionlarda vəziyyət kökündən dəyişmiş, dövlət başçısının imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrası istiqamətində reallaşdırılan tədbirlər  sözügedən sahənin yeniləşdirilməsi üçün möhkəm zəmin yaratmışdır.

 

Digər strateji əhəmiyyətli arterial avtonəqliyyat dəhlizi olan Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6 kilometrlik hissəsi, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Muğanlıyadək və 115 kilometrlik Muğanlı–Yevlax hissələri, Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Hacıqabul–Bulaqlı hissələri istifadəyə verilmişdir.

Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

Müasir infrastruktur, yol olmasa, iqtisadiyyat inkişaf edə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən, Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı strategiyada yol infrastrukturunun yenilənməsinə xüsusi önəm verilir.

Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək, sərnişin və yükdaşımasını asanlaşdırmaq, həmçinin insanların həyat şəraitini yaxşılaşdırmaq, ümumilikdə yol infrastrukturunu yenidən qurmaqla bağlı dəfələrlə Sərəncam imzalanıb. Azərbaycanın bütün dünya üçün nümunə göstərilən dinamik sosial-iqtisadi inkişaf modelindən söhbət açarkən ölkədə güclü infrastruktur yaradılmasına böyük diqqət göstərildiyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin Azərbaycanı hər cəhətdən müasir ölkəyə çevirmək yolunda müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ardıcıl surətdə həyata keçirilən layihələr sayəsində istər paytaxt Bakıda, istərsə də regionlarda sosial və iqtisadi sektorlara aid infrastrukturun, o cümlədən yolların  yenilənməsi istiqamətində böyük iş görülüb. Bunun sayəsində də hazırda Azərbaycan mükəmməl yol infrastrukturu təminatına malik ölkəyə çevrilib.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir vətəndaş öz həyatında hiss edir.

Ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsidir. Bu istiqamətdə artıq mühüm layihələrin icrasına başlanılıb. Təbii olaraq, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan əsas vəzifələrdən biridir. Bu mənada, dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur.

Prezidentin imzaladığı müvafiq sərəncamlarla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliyyə vəsaitləri ayrılıb və görülən işlərin icrası daha da sürətləndirilib. Bunun nəticəsidir ki, qələbəmizin simvolu sayılan “Zəfər yolu”nun tikintisi cəmi bir ilə başa çatdırılıb və yol artıq istifadədir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik “Zəfər yolu” Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər yolu” Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Qeyd edək ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına hazırda işğaldan azad olunan ərazilərdə daha 15 avtomobil yolunun tikintisi həyata keçirilir. Bunlardan biri Füzuli-Hadrut avtomobil yoludur. Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.

“Böyük Qayıdış”ı təmin etmək, azad olunmuş ərazilərdə davamlı iqtisadi inkişafa nail olmaq üçün yolların çəkilməsi əsas şərt kimi ortaya qoyulub. Çəkilən yolların kateqoriyası əsasən birinci və ikinci dərəcəli yollardır. Qeyd edək ki, o cür çətin dağlıq relyef şəraitində birinci və ikinci dərəcəli yolların çəkilməsi asan məsələ deyil. Bunun üçün həmin ölkənin iqtisadiyyatı dayanıqlı olmalı, müvafiq qurumlar koordinasiyalı işləməyi bacarmalıdır. Bundan başqa, bu yollarda hərəkətin daha rahat və sadələşdirilmiş şəkildə təşkili üçün ağıllı yol infrastrukturu səviyyəsində qurulması da gözlənilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində məskunlaşacaq əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir.

İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir. Ölkə Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bu il həyata keçirilən layihələrdən danışarkən qeyd edib ki, infrastruktur ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək.

Əzimov İlham Əli oğlu,

Bərdə rayonu 28 saylı Yol istismar idarəsinin rəisi