Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider

383

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi Lider

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi onun istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır. Lakin Heydər Əliyevin malik olduğu xarizmatik liderlik və milli iradəsi, siyasi uzaqgörənliyi, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və digər keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində – Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır. Xüsusən 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, misilsiz tarixi xidmətlər göstərmiş və Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında, xalqın məhv olmaq təhlükəsindən xilas edilməsində qurtuluş missiyası həyata keçirmişdir. Hə qədər ağır və çətin olmasına baxmayaraq, həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir.

Hər xalqın dirçəlişi, dünya arenasında öz sözünü deməsi, XXI əsrin sürətlə qloballaşan dinamik strukturuna hansı dərəcədə adaptasiya olunmasından xeyli dərəcədə asılıdır. Bu zaman əsas məsələ millətin bütün təbəqələrinə xitab edən inteqrativ ideyanın, yəni əsl milli məfkurənin mövcudluğu və dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.

Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab olunur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun yalnız və yalnız Azərbaycan Resspublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizimdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Ümummilli lider Heydər Əliyev özünün bütün siyasi karyearsı boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük.

Şablon düşüncə tərzini hər zaman kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur.

Bəs Heydər Əliyevin müstəqillik konsesiyasının həmişəyaşarlığı və həyatiliyi nədədir? Bunun nəzəri fikir tariximizdə yerini və önəmliliyini şərtləndirən amillər hansılardır?

Birincisi, özünün müstəqillik konsepsiyasını işləyərkən ulu öndər konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real Azərbaycan gerçəkliyindən çıxış edirdi. Lakin o, həmişə “qlobal düşünüb lokal hərəkət etmək lazımdır” prinsipinə riayət edərək Azərbaycan xalqının müstəqilliyinin qorunmasında dünya hadisələri məcrasında həll etməyə çalışmışdır. Təcrübəli dövlət başçısı diplomatiyanın belə bir ümdə prinsipindən çıxış etmişdir ki, daxildə aparılan nadan və səriştəsiz siyasət ölkənin nəinki dünya birliyinə daxil olmasına mane olur, daha çox məsələn, Azərbaycanın nümunəsində götürsək xaricdə onun başına gələn müsibətlərə laqeyd münasibət yaradır. Xalqımız cəbhəçilərin hakimiyyətdə olduğu dövrdə ölkəmizdə baş verənlərin timsalında bunun şahidi olmuşdur. Dünya proseslərindən kənarda qalmağın xalqın tarixi şüuruna, onun milli identifikasiyasına vurduğu mənəvi ziyanı başa düşmək çətin deyil. Daxildə isə bu, xalqın etimad hissini öldürmək, dövlətçiliyinə olan inamını şərəfsizcəsinə qırmaq deməkdir. Bu mənada Heydər Əliyevin əqidəsincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünürealizə və özünütəsdiq üçün şərait yaratmaq və bununla başqa dövlətlərdən asılılığı minimuma endirmək deməkdir, çünki prinsipcə bütün dünya dövlətləri inteqrasiya şəraitində bir-birilərindən asılıdır.

İkincisi, ümummilli liderin müstəqillik konsepsiyasından belə görünür ki, milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyil. Heydər Əliyevin nəzərincə müstəqillik xalqın mənəviyyatını qorumaq deməkdir. Bir mənəvi hadisə kimi o, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır. Onun müstəqillik tariximizə düşmüş məşhur “91”-lərin müraciətinə verdiyi cavabların tezisləri ilə tanışlıq deməyə əsas verir ki, ölkənin önəmli ziyalılarının müraciətlərinə cavabı xalqın müstəqilliyinin vacibliyini dərk edən siyasətçinin mənəviyyat seçimiydi, milli reallığı fəlsəfi idrak səviyyəsində düzgün və analitik qiymətləndirməyin bariz nümunəsidir. Müraciətə cavabın başlıca leytmotivi belədir: artıq belə yaşamaq olmaz, xalq sosial-siyasi fəlakətdən xilas olmalıdır.

Üçüncüsü, ümummilli liderin müstəqillik konsepsiyasının strukturunda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik anlayışları önəmli yer tutur. Vətənimizin taleyi hər bir soydaşımızın taleyi olmalıdır, belə olmasa milli müstəqilliyi qorumaq, onu möhkəmləndirmək mexanizmi zəif olar. Müstəqilliyimizin taleyindən söhbət açarkən ingilis filosofu Arnold Toynbinin bu sözlərini xatırlamalı oluruq: “Biz elə bir dövrdə yaşayırıq ki, tarix hamımıza meydan oxuyur”. Həqiqətən də, Azərbaycanın müstəqilliyi qarşısında tarixi məsuliyyəti dərk edərkən ən yeni tariximizdə əslində dövlətçiliyin olduqca təhlükəli dövrü kimi qiymətləndirilən 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiyanı unutmaq olmur. Bu, müstəqillik tariximizin elə məqamıdır ki, bütün dövrün tədqiqatçıları bu problemə labüdən toxunmalı olacaqlar. Ulu öndər o dövrdəki vəziyyəti realistcəsinə qiymətləndirərək belə bir haqlı nəticəyə gəlmişdi ki, 1991-1993-cü illər Azərbaycanın müstəqilliyi tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı. Məlumdur ki, hələ klassik alman fəlsəfəsinin baniləri millətlərin tarixi inkişafını dövlət quruluşu ilə bağlayırdılar. Azərbaycan xalqının müstəqilliyi barədə dövlətçilikdən və suverenlikdən kənarda hər hansı söhbət predmet məzmunundan məhrumdur. Xalqın dünya birliyi tərəfindən tanınmış dövləti olmasa, onun öz müstəqilliyini müdafiə etməyin hüquqi imkanları da məhdud olur. Buna görə də, Azərbaycan dövlətçiliyinin təkmilləşdirilməsi və suverenliyinin möhkəmləndirilməsi, eyni zamanda xalqın milli müstəqilliyinin müdafiəsinin əsaslarının möhkəmləndirilməsi deməkdir. “Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır” – ulu öndərin bu sözlərində mühüm bir ideya durur: milli dövlətçiliyi qorumaqla, möhkəmləndirməklə xalq özünün müstəqilliyinin möhkəmləndirilməsi üçün müstəsna təminat yaradır. Bu hadisələr bir daha belə bir tarixi həqiqəti üzə çıxardı ki, böhranlı anlarda xalqlar və onların liderləri bir qayda olaraq tarixin sınaqlarından çıxmış milli təcrübəsinə müraciət etməli olur. İntensiv cərəyan edən transformasiya prosesləri xalqların ənənəvi təcrübəsinə yenidən baxmağı tələb edir.

Bu gün aydın olur ki, cəmiyyətin ənənəvi təcrübəsinin potensialı zamanın sərt tələblərinə cavab verməyə hazır deyil və xalqlar labüd olaraq qaçılmaz seçim qarşısında qalmışdır: ya millətin yaradıcı potensialını artırıb yeni reallıqların mürəkkəbliyinə uyğun həyat keyfiyyətini formalaşdırmaq, ya da mədəniyyətin dərin qatlarında durğunluq keçirən dəyərlərlə kifayətlənib qloballaşmanın tələbləri qarşısında təslim olmaq. Bunlar dövlətçiliyin möhkəmləndirilməsinin, vətənin gələcəyini qorumağın mühüm sosial-ideoloji təminatıdır. Ona görə də Heydər Əliyevin müstəqillik konsepsiyasında “Vətən” kateqoriyası mücərrəd anlayış olmayıb, övladlarının ölkəsinin nemətlərindən azad və bərabər bəhrələnən suverən Azərbaycan vətəndaşlarının məkanı kimi təqdim edilir. Hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir. Bu gün insanlarımızın vətənpərvərlik hissi, onların öz doğma etnik beşiyinə ülvü məhəbbəti yeni dünyagörüşü sisteminin təməlini təşkil edir.

Ulu öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görürdü. Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Milli tariximizi bilmədən, keçmişimizə pozitiv yanaşmadan, tarixən itirdiklərimizi tənqidi dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi, yaxud məyusluq keçirmədən özündə vətənpərvərlik duyğusunu tərbiyə etmək, ulu babalarımızın pak adını və nəcib işlərini təhriflərdən və qarayaxanlardan qorumaq mümkün deyil. Özünün ictimai görüşlərində Heydər Əliyev belə bir düzgün metodoloji nəticəyə gəlir ki, özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün mühüm tarixi fakt və hadisələrinə yetkin vətəndaşlıq münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yeni düşüncə mövqeyindən baxmalı, özü də tarixə heç bir siyasi məqsədəuyğunluq ünsürləri daxil etməməlidir. Elə buna görə də təsadüfi deyil ki, özünün müstəqillik konsepsiyasında vətənin taleyi üçün məsuliyyət hissini mühüm struktur elementi kimi təqdim edir. Ulu öndər deyirdi: “Biz, yəni Azərbaycan xalqı, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı əgər onun qəlbində doğrudan da azərbaycanlı hissiyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa bu yolla getməlidir”. Ölkəmizin ərazisində yaşayan hər bir millət və xalq vətən qarşısındakı vəzifəsini aydın dərk edib öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Çünki Azərbaycan Respublikası onların hamısı üçün vətən ocağıdır. Heydər Əliyev vətənçilik və vətənpərvərlik ideyalarının müstəqil Azərbaycanın gənclərinin düşüncəsində möhkəm yer tutmasının müstəsna əhəmiyyətini qeyd edirdi: “Siz də (gənclər – müəllif) Azərbaycan xalqına xidmət edərək… vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman kimi, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”. Ulu öndərin “Vətəndaş – Milli Ordu – müstəqillik” triadası mühüm əxlaqi mahiyyət daşıyır. O, xalqını inandıra bilmişdi ki, güclü Milli Ordunun yaradılması müstəqilliyin ləyaqət və şərəf işidir.

Heydər Əliyevin müstəqillik konsepsiyasının yaşarlılığı və müasirliyi ondadır ki, mücərrəd seyrçilikdən uzaqdır. Müasir qlobal reallıqları düzgün qiymətləndirən ulu öndər Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir. Məlumdur ki, qloballaşma dövlətlərin sabit inkişafı, ərazi bütövlüyü və idarəetmə sistemlərinin rəvan işləməsi, iqtisadi-siyasi inteqrasiyada dövlətlərin, xüsusilə yeni demokratiyaların identikliyi kimi həyati problemləri ciddi təsirlərə məruz qoyur. Lakin bu prosesdə milli mənliyin identikliyini qoruyub saxlayan çox mühüm sarsılmaz ideoloji silah azərbaycançılıqdır. Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsinin labüd ideoloji təməli və təminatı ölkənin hər bir vətəndaşının özünü əsl azərbaycanlı hiss etməsi, azərbaycanlılara məxsus şüur ilə hərəkət etməsidir. Soydaşlarımızın mənlik ruhunun saxlanmasında, onların dünya sivilizasiyasında bir millət kimi özünütəsdiqində azərbaycançılıq ideologiyasının danılmaz rolunu dəfələrlə vurğulayan ulu öndər bu ideologiyanı heç bir fikir müxtəlifliyinə məruz qoymamağı tövsiyə etmişdir. Ona görə də, dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bunlar da öz növbəsində azərbaycançılığın sosial-milli məzmununun saflığını qorumalıdır. Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş ümummilli lider vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi işləmişdir. Azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna çevrilmişdi. Ulu öndərin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının qurultayı da göstərdi ki, həmrəylik fenomeni bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir. O, soydaşlarımıza daim belə bir əqidəni aşılayırdı ki, tariximizdə ağır səhifələr və böhranlı məqamlar az olmayıb, amma ulu babalarımız ruhdan düşməmişlər. Onlar öz qeyrətinə güvənərək qüvvələrini bir yerə toplamış, öz əxlaqını və simasını itirməmişlər, özlərini ləyaqətlə qorumuşlar. Ona görə də biz tariximizə olduğu kimi yanaşaraq düşmən üzərində qələbəyə köklənən tarixi həqiqətə xidmət etməliyik.

Ümummilli lider həmişə deyirdi ki, biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Bununla bağlı Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Bu bəyanat hər şeydən əvvəl azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırır.

Deyilənlərlə bağlı ulu öndərin müstəqillik konsepsiyası barədə çoxlu önəmli fikirlər və mülahizələr söyləmək mümkündür. Bu, əslində monoqrafik bir mövzu olub, tədqiqatçıları dərindən düşündürməlidir. Lakin məqalə çərçivəsində məhdudluğa baxmayaraq bir daha milli liderlik probleminə toxunmaq istərdik. Heydər Əliyev bir çox çıxışlarında şəriştəsiz, xalqdan uzaq “liderləri” hakimiyyət üçün barışmaz qüsur saymışdır.

Heydər Əliyevin liderliyi onun müstəqillik konsepsiyası ilə üzvi bağlıdır, çünki bütövlükdə hakimiyyəti idarə etmək konsepsiyası nə qədər yüksək nəzəri-praktik səviyyədə işlənsə də, bacarıqlı lider olmadan onu rasional həyata keçirmək mümkün deyildir. Vaxtilə De Qoll demişdir ki, “Böyük işləri heç zaman sözçülüklə başa çatdırmaq olmayıb”. Heydər Əliyev intellekti xalq məfkurəsinin qaynaqlarından bəhrələnən, daha mürəkkəb, dinamik reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli nəticəsi, siyasətçi şəxsiyyətinin özünütəsdiqinin vacib vasitəsidir. Ulu öndərin dövlətçilik fəaliyyətinin timsalında aydın oldu ki, müstəqilliyin möhkəmləndirilməsinə yönəlmiş milli inkişaf siyasətini yalnız intellektual düşüncə gərginliyi sayəsində reallaşdırmaq mümkündür. Real praktika da sübut etdi ki, məhz dərin tarixi təcrübəyə və geniş nəzəri bilik diapazonuna malik dövlət adamları çox zaman bənzəri olmayan, yalnız milli reallıqları dərindən başa düşdükləri təqdirdə məsuliyyətli tarixi qərarlar qəbul edirlər. Tarixi həqiqət düşünən fərdin mənlik şüurunun formalaşmasında müstəsna rol oynayır, o, yüksək məsuliyyət hissilə dərk edilir. Belə bir keyfiyyət liderlik düşüncəsinin inkişafı üçün vacib şərtlərdən biridir, çünki o, tarixi təcrübə qazanmağın mühüm qaynaqlarından biridir. Əsl lider, əsl siyasətçi dövrün, zamanın, ilk növbədə xalqının tələbatlarına vaxtında həssas reaksiya verməyi bacarır. Azərbaycanın timsalında dünya birliyi bir daha inandı ki, xalqının müstəqilliyi uğrunda barışmaz mübarizə aparan Heydər Əliyev kimi lider ölkəsi ətrafında risk amilinin artdığı bir zamanda canlı praktikadan və yaradıcı təbii dəyərlərdən bəhrələnəndə cahanşümul enerji nümayiş etdirir, universal fəaliyyət subyekti kimi hərəkət edir. Ulu öndərin fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandırdı ki, iri və qüdrətli dövlətlərin başçıları vaxtilə az tanınan Azərbaycan məkanında siyasət arenasında intellektual siyasətçi kimi xalqının rəğbətini qazanmış görkəmli lider və strateqlə iş görməli olacaqlar.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünyaya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar sayəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. 15 oktyabr 2008-ci ildə Azərbaycanda keçirilən Prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut etdi. Prezident İlham Əliyev demişdir: “Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq”.

Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən ulu öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.

Bu gün əldə edilən nailiyyətlər, ölkəmizdəki dinamik yüksəliş, uğurlu göstəricilər məqsədyönlü şəkildə aparılan islahatların nəticəsidir. Aqrar-sənaye kompleksinin görünməmiş sıçrayışı, genişmiqyaslı quruculuq-abadlıq işləri, əzəmətli infrastruktur layihələrinin həyata keçirilməsi, yeni texnologiyaların tətbiqi ilə paralel olaraq sosial proqramlar ardıcıl olaraq həyata keçirilir, insanların daha firavan yaşaması üçün islahatlar davam etdirilir.

Güclü iqtisadiyyat, daimi iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsinə diqqətin artırılması indi hər birimizin başlıca məqsədidir. Bu məqsədə çatmaqdan ötrü möhtərəm Prezidentimiz İlham Əliyev çox uğurlu iş aparır. Eyni zamanda hər sahədə, bütün həyatımızda insan amilinin oynadığı rol, bununla əlaqədar yerinə yetirilən vəzifələr çox mühüm əhəmiyyət kəsb edir. Razılıqla qeyd etmək olar ki, dövlət başçısı hüquqi islahatlar sahəsində Heydər Əliyevin yürütdüyü siyasi kursu uğurla davam etdirir. Bu möhkəm təməl üzərində ardıcıl tədbirlər həyata keçirir, demokratikləşmə və insan hüquqlarının qorunmasına olduqca böyük önəm verir.

Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev həm Ali Sovetin Sədri, həm də sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi, Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi, respublikada demokratik dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini dönməz hala gətirdi, ölkəni dinamik inkişaf yoluna çıxardı və öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin BANİSİ və LİDERİ kimi həkk etdi.

Elşad Abbasov

“Embawood” Müşahidə Şurasının sədri