Yol infrastrukturu yenilənir, sosial-iqtisadi inkişaf sürətlənir

356

Yol infrastrukturu yenilənir, sosial-iqtisadi inkişaf sürətlənir

Azərbaycan yolların keyfiyyəti indeksi üzrə postsovet məkanında lider ölkədir

“Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.”

Yeni yolların çəkilişi ölkənin bütün bölgələrini əhatə edir

Son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan bütün istiqamətlərdə yüksək inkişaf göstəricilərinə nail olub və respublikamızda müsbət reallıqlar yaranıb. Əlamətdar haldır ki, ölkəmizin bir sıra özünəməxsus cəhətləri ilə fərqlənən nümunəvi inkişaf modeli beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunu beynəlxalq reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Təkcə son vaxtlarda nüfuzlu Davos İqtisadi Forumu, Dünya Bankı və digər mötəbər qurumlar öz hesabatlarında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini, ölkəmizdə uğurla reallaşdırılan islahatları, biznes mühitinin daha da optimallaşdırılmasını, qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin edilməsinə yönələn səyləri, infrastruktur quruculuğuna siyasi və maddi dəstək verilməsini beynəlxalq səviyyədə qəbul olunan obyektiv meyarlar əsasında yüksək dəyərləndiriblər.

Xəbər verildiyi kimi, bu günlərdə Dünya İqtisadi Forumu özünün növbəti “Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan yolların keyfiyyəti indeksi üzrə 34-cü yerdə qərarlaşmaqla postsovet məkanında lider ölkə olub. Bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə iki pillə yüksəlib.
Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksi üzrə 34-cü pilləyə yüksəlməklə belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin nəticəsində mümkün olub. Yol şəbəkəsinin yenidən qurulmasının məntiqi nəticəsidir ki, “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan yolların keyfiyyəti indeksi üzrə bir sıra Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

Ölkənin bütün bölgələrində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yüksəksəviyyəli yol infrastrukturu quruculuğunun hədəflənməsi heç də təsadüfi deyil. Xalqımıza məxsus məşhur bir deyim var: Abad el yollarından bəlli olar. Mövcud yolların əsaslı şəkildə yenidən qurulması, həmçinin yeni müasir yolların salınması Azərbaycanın ümumi inkişafına böyük təkan verib. Son illərdə bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.
Ölkə üzrə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, eyni zamanda, ciddi sosial mahiyyət daşıyır. Müasir yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır.

Bu məqamda belə bir amili də vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda insanların regionlardan paytaxt Bakıya, digər iri şəhərlərə miqrasiyası dayanıb və hətta əks-proses müşahidə edilməkdədir. Respublikamızda yüksək səviyyəli müasir infrastruktur quruculuğu sayəsində paytaxt Bakı ilə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Bölgələrdə hər cür kommunal rahatlıqlarla, o cümlədən də yüksəksəviyyəli yollarla təmin olunan sakinlər öz həyatlarını yaşadıqları yerlərdə qurmağa üstünlük verirlər ki, bu da Azərbaycanın müsbət reallıqlarından biridir.

Bu il əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəldilsə də, digər bölgələrdə də bir çox infrastruktur layihələri həyata keçirilir.

Prezident İlham Əliyev hələ ilin əvvəlində bildirmişdi ki, Qarabağdakı quruculuqla yanaşı, respublikanın başqa rayon və şəhərlərində nəzərdə tutulan işlər qaydasında davam edəcək. Bu istiqamətdə bir çox işlər artıq tamamlanıb, hətta yeni layihələrə start verilib.

İnfrastruktur layihələri sırasında yol çəkilişi ön yerlərdən birini tutur. Çünki yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası eləcə də əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Müasir yol infrastrukturunun yaradılması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsini təşkil edir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Rahat və abad yol isə, qeyd edildiyi kimi, dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

Avtomobil yollarının tikintisi yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və təbii ki, bölgədə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Paytaxtda da bir sıra yeni yollar tikiləcək. Bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Həmçinin paytaxtın digər ərazilərində avtomobil yollarının yenidən qurulmasına aid sərəncamlar verib.

Azərbaycanda qurulan yol infrastrukturuna beynəlxalq səviyyədə yüksək qiymət verilməsi heç də təsadüfi deyildir. Yüksəksəviyyəli infrastruktur quruculuğu müstəqil Azərbaycanın bütün dünyada nümunə kimi göstərilən özünəməxsus inkişaf modelinin səciyyəvi cəhətlərindən biridir.

Mühüm sosial-iqtisadi amil olan yolların tikintisinə belə böyük diqqət bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır.

Əvəz İlyas oğlu Qocayev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini