İkinci Qarabağ müharibəsi Dövlətçilik tariximizin ən şərəfli səhifəsi

473

İkinci Qarabağ müharibəsi Dövlətçilik tariximizin ən şərəfli səhifəsi

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da ta­rixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin baş­çısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla­rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.
Yeri gəlmişkən, müharibənin davam et­diyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hü­ququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.
Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texni­kası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə – Füzuli və Cəbrayıl rayonlarına ilk səfəri də dövlətimizin başçısının sevinc hisslərini, ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdiham­la qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.
Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiya­da dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.
Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər zamanı Şuşa şəhərinə yolun çəkilişinə başlanılması mühüm tarixi hadisə idi. Dövlətimizin başçısı çıxışında bununla bağlı dedi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasi­ya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meyda­nında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə döv­rünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”. Bəli, cənab Pre­zidentin bəyan etdiyi kimi, doğrudan da, bu müharibədə qələbəmizin əsasında möhtərəm dövlət başçımızın qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq–Pre­zident–Ordu vəhdəti, birliyi də bir o qədər önəm daşıyırdı.
Ermənistanın kapitulyasiya aktı­na imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağ­damın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaq­larını bildirən dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş mey­danında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanın­da məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordu­su, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yal­nız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdim. Möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycanın mədəniyyət məbədi və incisi olan, Qara­bağın simvolu sayılan Şuşanın işğaldan azad olunması mühüm önəm kəsb etdi. Bu şəhərinin yağı tapdağından xilas edilməsi Silahlı Qüvvələrimizin yenilməzliyinin təsdiqinə çevrilməklə bərabər, düşmənin əzmini, iradəsini sındırdı, işğalçının “məğlubedilməz ordu” mifini tamamilə dağıtdı.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Zəfər gününüz mübarək!

Xəqani Məmmədov

Siyəzən rayon polis şöbəsinin rəisi, polis-polkovnik