İlham Əliyev və siyasi varisliyin təntənəsi

247

İlham Əliyev və siyasi varisliyin təntənəsi

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Hər bir xalqın tarixində önəmli iz qoyan şəxsiyyətlər olub. Azərbaycan xalqı da bəxti gətirənlərdən olub. Onun ən çətin vaxtlarında öz həyatını təhlükəyə ataraq ölkəni bəladan xilas etmək missiyasını öz üzərnə götürən şəxsiyyəti də Tanrı Azərbaycan xalqının qismətinə yazıb. Bəli, bu tarixdir, tarixi də şəxsiyyətlər yaradır. Dövlətin inkişaf yoluna qədəm qoyması üçün məşəqqətli yollardan keçməyi bacaran, ölkəni dünya miqyasında tanıdaraq layiqli mövqeyə çıxaran fenomen liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırmaq bacarığına malik olublar. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev də belə nadir şəxsiyyətlərdəndir. Azərbaycanın dinamik inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, praqmatik təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı yetişdirmişdir.

Ulu Öndərin 1 oktyabr 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsi və İlham Əliyevə inamla etimad göstərməsi əbəs deyilmiş. Dahi siyasətçi inanırdı dediklərinə, etimadı böyük idi İlham Əliyevə və tarix də sübut etdi ki, Heydər Əliyev həqiqətən dahi, müdrik, xalqını sevən, onun gələcək taleyinə biganə qala bilməyən əsl Lider imiş. Xalqını, dövlətini sevən Lider məhz belə addım atmalı idi. O çətin dövrlərdə sinəsini çətinliklərə sipər edərək Azərbaycanı bütün bəlalardan qorudu və özünün ikinci dəfə yaratdığı, demək olar ki, yenidən qurduğu ölkəni talenin ümidinə buraxmaq istəmədi.

Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyevin hələ 2003-cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi varisliyin layiqli davamının siqnalı idi. Onun ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Ənənəyə sadiq qalaraq, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başlayır. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatların uğurlu nəticələri, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, Cənubi Qafqaz regionunda isə Heydər Əliyevdən sonra ikinci böyük siyasi xadimə çevirir.

Heydər Əliyev cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir. Bü gün İlham Əliyev hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir.

Ölkəmizdə pluralizm, anlaşma, siyasi partiyalar arasında dialoq, birlik nümayişi bəlli dairələrin planlarına uyğun gəlmədiyi üçün reaksiyaları fərqli olur. 44 günlük Vətən müharibəsində siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Əslində son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 8 birgə bəyanat və 2 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür.

Ümummilli lider Heydər Əliyevin başladığı və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir. Bu inkişaf modeli Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi möhkəmləndirən Azərbaycan xalqını xoş gələcəyə aparan nurlu yoldur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ona olan inamını ən yüksək səviyyədə doğrultdu. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir.

Son altı ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını nəinki inkişaf etdirir, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir.

Lətif Miriyev

Dövlət Reyestr Xidmətin 13 saylı Ərazi İdarəsi üzrə Neftçala rayon şöbəsinin rəisi