44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir

189

44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir

Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi! Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan Vətən müharibəsi! Bu Vətən müharibəsi elə bir müharibə oldu ki, 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək üçün hər an döyüşə hazır olan, bir qarış torpağımız üçün döyüşməyi, ölümün gözünə dik baxmağı özlərinə borc bilən Vətən oğullarını bir yumruq kimi birləşdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmrini ləyaqətlə yerinə yetirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bu Vətən müharibəsində, haqq savaşında xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdilər. Hər kəs “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, “Hər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərək haqq savaşına çıxan oğullarımızın sayəsində Azərbaycan Ordusunun güclü, qüdrətli, yenilməz bir ordu olmasının əyani şahidi oldu. Əsgər və zabitlərimizin, hərbçilərimizin göstərdikləri şücaətləri, qəhrəmanlıqları izləyən hər kəs bir daha əmin oldu ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir Vətən oğlunun arzusu olub və bu, bu gün də belədir.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizləri 44 günlük haqq savaşında hər gün fərəh, qürur dolu saysız-hesabsız qələbələrlə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimizə minnətdarıq.

27 sentyabr 2020-ci il… O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi. Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Qəhrəman hərbçilərimiz təqvimdə qara rəqəmlərlə əks olunan işğal tarixlərinin üstündən öz qanları ilə xətt çəkərək, qırmızı rəqəmlərlə Zəfər günlərini yazdılar.

Sentyabrın 27-dən erməni təxribatlarına qarşı Müzəffər Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük Qələbə ilə nəticələndi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. 27 sentyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən bu müharibə bəlkə də, dünya hərb tarixində yeganə müharibədir ki, bir nəfər də olsun belə fərarisi olmadı. On milyon əhalidən döyüşə getmirəm, deyən olmadı. Hər kəs ön cəbhədə, düşmənlə üz-üzə durub mərdi-mərdanə döyüşə can atdı. II Qarabağ müharibəsi qəhrəmanlarımızın fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı.

Sentyabr ayının 27-də başlanan Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq salnaməsi var. Düşmənə qarşı mərdliklə vuruşan oğullarımızın bu gün qürurla danışdığımız, gələcək nəsillər üçün örnək olacaq qəhrəmanlıq hekayələrini dinlədikcə qürurlanmamaq olmur.  Müharibə göstərdi ki, həqiqətən də, biz güclüyük!  Ölümsüzlüyə qovuşdu, xatirələrdə qaldı yarımçıq həyatı! Vətənini, torpağını azad etmək uğrunda canını fəda etdi!  Namərd düşmən gülləsi aman vermədi onun arzularının gerçəkləşməsinə.

44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirərək torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə ucaldılar. Uca zirvəyə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər. Bu 44 günün hər günü igid Azərbaycan oğullarının qəhrəmanlıqlarına şahidlik etdi. Azərbaycan xalqının tarixinə şəhidlərin qanı ilə yazılan bu 44 günlük Vətən müharibəsi bizə torpaqlarımızı qaytardı – Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.  44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı.  Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ  müharibəsində  rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən  əsgərlər imiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, Vətən uğrunda mübarizə, şəhid olmaq  necə olur. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Müharibə itkisiz olmur, həm də torpaq uğrunda ölən varsa, Vətəndir. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşağldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi bizim üçün.

Eşq olsun qəhrəman Azərbaycan xalqına! Eşq olsun Müzəffər Azərbaycan Ordusuna! Çox şükür ki, dövlət müstəqilliyimizə qovuşduq, nəhayət torpaqlarımız da düşmən tapdağından azad edildi. Buna görə məhz sənə və sənin kimi canını torpaq uğrunda fəda edən şəhidlərimizə  borcluyuq.

2021-ci il sentyabrın 27-si şanlı zəfər tariximizin qızıl səhifələrinə öz qanları ilə imza atan igid, qeyrətli oğullarımızın vəfatından bir il ötür. Onların rəşadətindən hər zaman qürurla və fəxrlə danışacağıq. Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş  qəhrəman, igid  oğullarımızla, şəhid qardaşlarımızla  fəxr etməli,  onların əziz xatirəsini daim uca tutmalıyıq.  Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır.

Rafael Mehrəliyev

Bakı şəhər İH-in Mənzil-Kommunal

Təsərrüfatı Departamentinin rəhbəri