Bakıda qəbirstanlıq biznesi

223

“Qəbir satıram, ucuzu 200, bahası 7-8 min
manata…”

Paytaxtda yaşayanların çoxları qəbir yerlərindən asılı olaraq, neçəyə
satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını
etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq
bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir
yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda
məzar yerinin qiymətindən də xəbərdardır.
Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min
manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq
istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla
müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200
manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda,
məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat
arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz
deyil. Badamdar qəbiristanlığında 800-2000 manat, Günəşli qəbiristanlığında bu
məbləğ 600-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd
qapısı” qəbiristanlığında 2000-3000 manat civarında satılır. Ən ucuz yer Hövsandadır. Burada
150-300 manata da yer almaq mümkündür. Xırdalan qəbiristanlığında isə 800-1500
manata məzar yerləri var.
Bir çoxları ailə üzvlərini nəzərə alaraq qəbir yerlərini bütöv bir ailə sayına
görə əvvəlcədən alır. Bu səbəbdən də məzarlıqlarda torpaq sahəsi azaldığından
bundan istifadə edən işbazlar qiyməti artırıblar. Elə götürək Bakının Yasamal
rayonu ərazisində yerləşən qəbiristanlığı, həmin ərazidə də torpaqlar baha qiymətə
satılır. Belə ki, Yasamal qəbiristanlığı kimi tanınan bu məzarlıqda torpağın 2
sotu 5000-7000 manat arasında dəyişir. Onu da deyək ki, Yasamal qəbiristanlığında
boş yer çox azdır. Vaxtilə imkanı olanlar bu əraziləri hasarlatdıraraq, “özəlləşdiriblər”.
Burada cəsədini gözləyən qəbirlər çoxdur.
“İslam dininə görə insan dünyasını dəyişəndə qəbirdə dəfn olunur. Bu barədə
Allah təala belə buyurur: “Sonra Allah təala insanı öldürüb qəbirə qoydu”
(Qurani Kərim, Əbəsə surəsi 21-ci ayə). Allah təala mübarək kitabında insanı
torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib. Allah təala
insanı torpaqdan yaratmış, torpaqda yaşadır və torpağa dəfn edir. Yəni torpağın
sahibi uca Allahdır və insanı orada məskən salması və orada ölməsi üçün ona
böyük bir hədiyyə olaraq vermişdir. Allah təala insanın dəfn olunması üçün
torpaqların satılmasını əmr etməyib.” İlahiyyatçı Əkrəm Həsənovun sözlərinə
görə, İslam dinində qəbir yerləri üçün torpaq sahələrinin satılması haram
sayılır. Ə. Həsənov qeyd etdi ki, bu gün amma torpaq da ticarət sahəsinə daxil
edilib, satılır. Qəbir yerlərinin satılmasının islam dinində haram hesab edilməsinin
isə bir çox səbəbləri var: “Birincisi, Allah təala hamıya eyni imkanı vermir.
Biri yoxsul olur, kasıb olur, digəri zəngin olur. Bu gün belə çıxır ki, yoxsul
olan ya ölməməli, ya da dəfn olunmamalıdır. Həmçinin, torpaq insana məxsus
deyil. İnsan sadəcə, orada müvəqqəti qonaqdır. Onun yaşadığı torpağı satması,
xüsusi ilə dəfn üçün satması ümumiyyətlə, yol verilməzdir. Bu gün dövlət tərəfindən
qəbir yerlərinin satılmasına nəzarət olunsa da təəssüf ki, bu nəzarəti çoxları
görməzdən gəlirlər. Azərbaycanda xüsusi ilə vəziyyət çox çətindir. Bu da qəbir
satanların özbaşınalığının nəticəsidir. Əslində qəbir yerləri dövlətin vətəndaşları
üçün xüsusi ayrılmış yer olmalı və çox cüzi qiymətə satılmalıdır, baxmayaraq
ki, İslam dininə görə qəbir yerlərini satmaq haramdır.”
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qəbir biznesi cəlbedici biznesdir. Qəbir
yeri üçün nəzərdə tutulan torpaqlarda qiymətlərin artması müşahidə olunur. Qiymətlərin
artması da həmin yerlərə tələbin yüksəlməsi ilə bağlıdır: “Təəssüf ki, qiymətlər
yüksəkdir. Əslində bu arzuolunan məsələ deyil. Qiymətlərin yüksək olması bəzi
hallarda yaxınları rəhmətə getmiş insanların qəbir yeri alması ilə bağlı müəyyən
çətinliklərin yaşanmasına gətirib çıxarır.”
V, Bayramovun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün qəbirstanlıq
biznesinə inzibati müdaxilə edilməlidir: “Qəbir yerləri ilə bağlı bir sıra ölkələrdə
olduğu kimi konkret tariflər müəyyənləşdirilsin. Həmin qiymətdən yüksək qiymətə
torpaqların satılmasına icazə verilməsin. Tariflər də vətəndaşın gəlirlilik səviyyəsinə
uyğun olmalıdır. Hazırda yerləşmə yerindən asılı olaraq, torpaqların qiyməti
bahadır. Torpaqların qiymətinin baha olmasının bir səbəbi qeyri-rəsmi ödənişlərin
artması ilə bağlıdır. Simvolik bir tarifin müəyyənləşdirilməsi və bununla
yanaşı bələdiyyələr və digər qurumlar tərəfindən qeyri-rəsmi ödənişlərin
qarşısının alınması olduqca vacibdir. Heç bir halda qəbir yerləri üçün yüksək vəsaitin
tələb edilməsi arzuolunan deyil. Birmənalı şəkildə bu sahəyə nəzarətin gücləndirilməsinə
ehtiyac var.”
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti
Trestinin baş mühəndisi Sabir Həsənov da paytaxt qəbiristanlıqlarında torpaq
sahələrinin məhdud olduğunu söylədi. Amma qəbir yerlərinin pulla satılmasının
qadağan olunduğunu bildirdi. “Qəbir yerləri pulla satılmır. Öüsünü dəfn etmək
istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu – 63, xarici vətəndaşlar
üçünsə – 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə
bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da
daxildir. Digər materailları isə vətəndaş almalıdır. Bizim trestə 32 qəbiristanlıq
daxildir. 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2
saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat,
1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd,
Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu,
“Qurd qapısı” adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır.
Xırdalan məzarlığının paytaxta yaxın hissəsi, bizə əks tərəfdəki hissəsi isə
Abşeron rayonuna tabedir. Odur ki, bizim qəbiristanlıqlarda yerlərin pulla
satılması halları yoxdur. Paytaxtın mərkəzi yerlərində yerləşən qəbiristanlıqlar
tamamilə dolub. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq
mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi
qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür.”
Heç kimin qəbir yerini satmağa ixtiyarı olmadığını deyən Sabir Həsənov qəbir
yerlərinin sənədləşdirildiyini deyir. “Həmin qəbir yerləri sənədləşdirilir.
Odur ki, heç kim qəbir yerini sata bilməz. Yəni qəbir yerləri pullu deyil. Əgər
kimsə belə hallarla rastlaşarsa, trestin “qaynar xətt”inə 510 83 08 müraciət edə
bilər.”
Qəribədir, görəsən Sabir Həsənovun adını sadaladığı qəbirstanlıqlarda qəbir
yerlərini minlərlə manata vətəndaşlara satan kimlərdir? Qəbirstanlıqda yasin
oxumaq üstə dalaşan mollalar, yoxsa qəbir qazanlar?.. Məhz bu kimi suallara
cavab tapmaq üçün mövzunu davam etdirəcəyik (analitik.az)