Haqqın və ədalətin bərpa olunması zərurətindən doğan tarixi qərar

166

Hakimiyyətdə olduğu ilk illərdən möhtərəm Prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu ən ümdə məsələlərdən biri də ordu quruculuğu oldu. 17 il ərzində Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində ordumuz dünyanın ən güclü orduları sırasında yer aldı. ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə heç bir müsbət yanaşma əldə edə bilmədi, bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli ( 270 memarlıq, 22 arxeoloji), 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 937 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 dəst səsgücləndirici, 25 iri, 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdır.

Sülh yolu ilə torpaqlarımızın qaytarılmayacağı  məlum olduqdan sonra Azərbaycan yalnız güc yolu ilə hərəkət etməyin zəruriliyini yaşadı.

27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi təxribatlarına cavab olaraq ölkəmiz əks-hücum əməliyyatlarına başladı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etmək üçün uzun illər ərzində formalaşmış, dünyanın ən müasir hərbi texnikası, silahları ilə təchiz edilmiş güclü, qüdrətli ordusunun cəsur, qorxmaz əsgər və zabitləri haqq savaşına atıldılar. Təkcə döyüş cəbhəsində deyil, eyni zamanda siyasi-diplomatik və informasiya  sahəsində əldə olunan uğurlar xalqımızın uzun illər gözlədiyi möhtəşəm Qələbə ilə nəticələndi. Ölkə başçısı, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı azad edərək, 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal altında olan torpaqlarımızı özümüzə qaytardı, bununla da ərazi bütövlüyümüz təmin edildi. Uğurlu əməliyyatlar zamanı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın, Tərtər və Xocalı rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikləri işğaldan azad etdi. Ümumilikdə hərbi əməliyyatlar zamanı 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Zəngin tariximizin təsdiqi olan Xudafərin körpüsündə bayrağımız ucaldıldı. Qısa vaxtda 132 km-lik İranla dövlət sərhədi işğalçılardan tam təmizləndi. Həmçinin bütün cəbhələrdə strateji yüksəkliklər ələ keçirildi.

Noyabrın 8-i, 28 illik həsrətdən sonra Qarabağın incisi Şuşanın qüdrətli Ordumuz tərəfindən əsarətdən qurtulması ikinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Onu da qeyd edək ki, qədim mədəniyyət mərkəzlərimizdən biri olan gözəl, füsunkar Şuşa bizə həmişə yenilməzlik əfsanəsi, kimi görünüb. Ermənistanın Azərbaycana qarşı işğalçı hücumları güclənəndə çoxumuza elə gəlirdi ki, düşmən Şuşanı heç vaxt ala bilməyəcək. Çünki xəyallarımızda bu şəhər sıldırımlı qayalarla əhatə olunmuş elə keçilməz təbii istehkamlar idi ki, düşünürdük ki, bu istehkamları heç bir qüvvə aşıb keçə bilməz.

Şuşanın azad edilməsi göstərdi ki, Azərbaycan əsgərinin qarşısında işğalçı ordunun tab gətirə bilməsi mümkünsüzdür. Tarixə səs salan Şuşa döyüşlərinin sərkərdəsi isə Ali Baş Komandan İlham Əliyevdir.

28 ildən sonra Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yenidən hazırlandı. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldıldı. Bülbülün, Natəvanın büstləri bərpa edilərək yenidən öz yerlərinə qoyuldu.

İlham Əliyev xalqa müraciət edərək Ermənistanın təslim olması xəbərini verəndə xalqımız son dərəcə böyük coşqu, yüksək təntənə, sonsuz sevinc və fərəh yaşadı.

10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanatın qəbul edilməsi ilə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu. Bu sənədə əsasən heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonları azad edildi. Müzəffər Ali Baş Komandanımızın “Dəmir yumruğu” və Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə və bununla bağlı qəbul edilmiş bütün beynəlxalq qətnamələri icra etməyə müvəffəq oldu.

Azərbaycan xalqı bu möhtəşəm Qələbənin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Xalq –İqtidar –Ordu birliyi əbədidir, sarsılmazdır. Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının gücünü, milli ruhunu, qələbə əzmini, “Dəmir yumruğu”nu bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə Azərbaycanın ən böyük Zəfəri oldu.

Möhtərəm Prezidentimiz İlham Əliyev 27 sentyabrın–Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Bu sərəncam şəhid ruhlarına, onların ailələrinə, fədakarlıq göstərən qazilərimizə ali ehtiramın göstəricisidir.

Hər birimiz işğaldan azad edilmiş torpaqlarımızda dalğalanan üçrəngli müqəddəs bayraqlarımızla fəxr edirik, düşmən tapdağından azad edilən Vətən torpaqlarında dalğalandırdıqca, qəlbimiz fərəhindən dağa dönür, qürurlanırıq.

Taleh Ibrahimov,

Salyan rayon Yuxarı Xalac-1 saylı kənd tam orta məktəbin direktoru