Birlik, iradə və əzmkarlıq Qələbəyə aparır

156

 

44 günlük müharibədə Azərbaycanın qalibiyyəti ilə yeni bir tarixə imza atdıq. Buna görə Ali Baş Komandana və Müzəffər Azərbaycan ordusuna minnətdarıq. İkinci dünya müharibəsindən sonra heç bir coğrafi cəhətdən kiçik dövlət müharibələrdə öz istəyinə çatmayıb. Bununla da ölkəmiz bir daha tarix yazdı.

Hər kəsə bəllidir ki, müasir müharibə yalnız döyüş əməliyyatları ilə məhdudlaşdırılmır, o həmçinin diplomatiya, iqtisadi, informasiya və təbliğat sahəsində də davam edir. 44 günlük Vətən Müharibəsi də bütün bu amilləri özündə birləşdirdi və Azərbaycan hər sahədə düşmənə “qan uddurdu”. Azərbaycanın əzmli qələbəsi dünyaya bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqlarının hər bir qarışı üçün dünyanın istənilən gücü ilə mübarizə aparmağa hazırdır. Müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi idi. İndi dünyanın istənilən nöqtəsində “Azərbaycan xalqı” ifadəsi deyiləndə ağıla ilk olaraq əzm, birlik, qəhrəmanlıq gəlir desək, yanılmarıq. Biz bu statusu Ordumuzun gücü, Ali Baş Komandanın əzmkar iradəsi və xalqımızın inamı sayəsində öz gücümüzə qazanmışıq.

Bu tarixi qələbənin qazanılmasında hər kəsin öz payı var. Müharibə dönəmində jurnalistlərdən tutmuş sosial şəbəkədən istifadən edən azyaşlılara qədər informasiya müharibəsində də Ermənistanın dezinformasiyalarına qarşı mübarizə apardı. Yalan məlumatlarla dünyanın diqqətini fərqli istiqamətlərə yönəltmək istəyən Ermənistan dövlətinin və cəmiyyətinin atıdığı bu cür addımlara Azərbaycan faktlarla cavab verdi. Döyüş meydanında düşmənin dizini yerə gətirən Ordumuz və arxa cəbhədə xalq bu qələbənin vəhtətini təşkil etdi.

44 günlük müharibəsi dönəmində müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan Prezidenti gecə-gündüz dayanmadan çalışırdı. Prezident bu müddət ərzində xarici KİV-ə 30-dan çox müsahibə verdi. Heç bir dövlət başçısı bu qədər aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu müsahibələr, faktların ortaya qoyulması, hətta bəzən Ermənistanın maraqlarına xidmət edən sualların ünvanlanması zamanı Cənab Prezidentin siyasi uzaqgörənliyi sayəsində verdiyi cavablar onların susdurulmasına səbəb oldu.

Ali Baş Komandanın “Biz birlikdə güclüyük” sözlərini rəhbər tutan Azərbaycan xalqı bundan sonra da hər cəbhədə güclü olmalı və ölkəmizi sevməyən qüvvələrə qarşı bir olmalıdır.

Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir.  Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və  qətiyyətlə nail  olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.
44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünü itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq…

Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Ali Baş Komandanın da dediyi kimi, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!

Zəhra Əhmədova,

Salyan şəhəri, şəhid Vidadi Əhmədovun həyat yoldaşı