Gömrük sahəsində görülən işlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

330

Gömrük  sahəsində görülən işlər Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov:  – Ölkənin iqtisadi təhlükəsizliyi və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişəndirilməsində müstəsna rol oynayan Azərbaycanın gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrilmişdir.

Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin qarantı olan gömrük xidməti müasir dünyanın ildən-ilə qloballaşan və şaxələnən çağırışlarına cavab verən ən etibarlı keşikçidir. Təsadüfi deyildir ki, respublikamızda həyata keçirlən uğurlu iqtisadi strategiyanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrüyü dövlətçilik təməlinin möhkəmləndirilməsində önəmli mövqeyə malikdir. Məhz sərhəddən başlayaraq gömrük xidməti Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyaraq qaçaqmalıçılıq və digər iqtisadi cinayətkarlıqla barışmaz mübarizə aparır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Bu bir danılmaz faktdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter alıb. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasətilə də bilavasitə bağlıdır. “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” – deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı.

Ötən müddət ərzində Azərbaycan Gömrük Xidməti məhz dahi rəhbər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında yenidən qurularaq çevik, peşəkar və modern təşkilata çevrilib. Öz növbəsində, Prezident İlham Əliyev gömrük xidmətini daim diqqətdə saxlayır və hər bir gömrükçü dövlətin qayğısını hiss edir.

Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.

Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib.

Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq iş adamları ilə görüşlər keçirilir, ölkədə baş verən iqtisadi proseslər, idxal-ixrac əməliyyatlarının vəziyyəti barədə həm sahibkarlar məlumatlandırılır, həm də onların fikirləri öyrənilir, təklifləri dəyərləndirilir.

Bu tədbirlərdə sahibkarliğin inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verilib, gömrük prosedurlarına dair iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qabaqcıl dövlətlərin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan Gömrük Xidmətinin uğurlu gələcəyindən xəbər verir.

Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir. Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır.

Bəli, qısa vaxt ərzində kifayət qədər təcrübə toplayıb dünyanın gömrük sistemində özünəməxsus yer tutan Azərbaycanın gömrük orqanları ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində dayanmaqla üzərinə düşən vəzifələrin yerinə yetirilməsində, müxtəlif ölkələrlə əlaqələrin genişləndirilməsində yaxından iştirak edir. Azərbaycanda gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulmuş və bu gün də inkişaf etdirilməkdədir.

Prezident İlham Əliyevin on yeddi illik rəhbərliyi dövründə ölkəmizin həyat fəaliyyətinin bütün sahələrində inkişafa nail olunub, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi əzmlə davam etdirilib. Azərbaycan regionda sülh, sabitlik və iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin əsas təşəbbüskarıdır və istər regional, istərsə də beynəlxalq aləmdə sanballı uğurlar nümayiş etdirir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə həmyaşıd olan Dövlət Gömrük Komitəsinin çoxsaylı kollektivi də ən böyük nailiyyətimiz olan müstəqilliyin əbədi olaraq qorunub saxlanılması, müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması və xalqımızın firavan gələcəyinin təmin edilməsi naminə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsində müstəsna rol oynayır və bu missiyanı daim davam etdirəcək.