“Azərbaycan pandemiya ilə mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır” – XİN başçısı

376

“COVID-19 pandemiyası, insanların sağlamlığının qorunması üçün dünya miqyasında səy tələb edən bir sıra misilsiz çətinliklər və pozuntular gətirdi. Ölkələr müvafiq dövlət və hökumət başçılarının rəhbərliyi altında pandemiyanın yayılmasının qarşısını almaq və ona qarşı reaksiya vermək üçün gücləndirilmiş tədbirlər gördülər”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Asiyada regional əməkdaşlığa pandemiyanın təsirlərindən istifadə” mövzusunda vebinarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə həm daxili, həm də çoxtərəfli səviyyədə fəal rol oynayır: “Bu günə qədər Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı edib. Bu vəsait Afrika, Latın Amerikası və Asiyanın köməyə ehtiyacı olan regional qrupları üçün nəzərdə tutulub. Azərbaycan ayrı-ayrı ölkələrə tibbi ləvazimatlar və avadanlıqlar şəklində yardım da edib.

Azərbaycanın daxili səviyyədə atdığı addımları da qeyd etmək istərdim. Fevral ayında Azərbaycan Respublikası ərazisində yeni koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı.

Mart ayının əvvəlindən etibarən bütün təhsil müəssisələrində təhsil dayandırılıb. Bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Mart ayının sonundan etibarən karantin rejimi qüvvəyə minib. Bu, bir sıra sosial təcrid və məhdudlaşdırma tədbirlərini ehtiva edir. Vətəndaşlarımızın xaricdən təxliyəsi pandemiya dövründə prioritet məsələlərdən biri olub”.

C. Bayramov Azərbaycanın Türk Şurası çərçivəsində fəal rolunu xüsusilə vurğulayıb.

“Azərbaycan, Türkdilli Dünyanın məqsəd və vəzifələrinə nail olmaq üçün əməkdaşlığı və səyləri daha da gücləndirmək məqsədilə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən 7-ci Zirvə görüşündə Türk Şurasına sədrliyi qəbul edib.

Pandemiyanın səbəb olduğu qlobal qeyri-müəyyənliyi və onun nəticələrini nəzərə alaraq, üzv dövlətlər və müşahidəçi dövlət olaraq Macarıstan çətinliklərin öhdəsindən gəlmək üçün birgə hərəkət etməyin yollarını axtardılar və Türk Şurası çərçivəsində əməkdaşlığı vurğuladılar.

10 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə “COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda Türk Şurasının növbədənkənar zirvə toplantısı keçirildi. Qeyd etməliyəm ki, bu sammit pandemiya ilə mübarizədə dövlət başçıları səviyyəsində keçirilən ilk tədbirdir.

Növbədənkənar zirvə görüşündə dövlət başçıları COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığı genişləndirmək, eyni zamanda, ümumi rifah naminə həmrəylik, təcrübə mübadiləsi və elmi, innovativ, texnoloji və tibbi potensialı tam səfərbər edərək öz səylərini birləşdirməkdə möhkəm mövqe nümayiş etdirmək əzmini vurğuladılar.

Türk Şurasının dövlət başçıları ən yaxşı təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə COVID-19 pandemiyasının əsas aspektləri üzrə üzv dövlətlərin səhiyyə nazirlikləri arasında sıx qarşılıqlı əlaqəni özündə cəmləşdirən milli böhran mərkəzləri arasında məsləhətləşmə və əməkdaşlıq mexanizmləri yaratmağa razılıq verdilər.

Dövlət başçılarının tapşırığı ilə, fövqəladə zirvə görüşü zamanı Azərbaycan Türk Şurasının hazırkı sədri olaraq, səhiyyə nazirlərinin, nəqliyyat nazirlərinin, iqtisadiyyat nazirlərinin və gömrük administrasiyaları rəhbərlərinin, miqrasiya xidmətləri rəhbərlərinin, Səhiyyə Koordinasiya Komitəsinin, turizm nazirlərinin və səhiyyə elmi qruplarının video konfranslarını uğurla təşkil edib. Bu konfranslar müalicə vasitələrinin tapılması, səylərin səfərbər edilməsi və COVID-19 pandemiyasının sosial-iqtisadi təsirlərinin araşdırılması, habelə təhlükəli infeksiyaların diaqnozu və müalicəsi üçün köməkçi məsləhət mexanizmləri olduğunu sübut etdi.

İnanıram ki, Azərbaycanın çoxmillətli səviyyədə davam etdirdiyi səylər qeyd edilməlidir. Belə nümunələrdən biri də Qoşulmama Hərəkatının Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə 4 may 2020-ci il tarixində Təmas Qrupu formatında keçirilən zirvə görüşüdür.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərin böyük əksəriyyətinin dəstəyini alan, dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə COVID-19-a cavab olaraq BMT Baş Assambleyasının xüsusi iclasını çağırmaq təklifini irəli sürdü.

Qeyd etməliyəm ki, bu təklif BMT sisteminin mərkəzi mövqeyinin vurğulanması, həmçinin Baş Assambleyanın pandemiyaya qarşı səmərəli mübarizə aparmaq və onun sosial-iqtisadi problemlərini həll etmək üçün təxirəsalınmaz tədbirləri səfərbər etməkdə əsas müzakirə məşvərətçi, siyasət aparılması və təmsilçi orqan rolunun vurğulanması baxımından vacibdir”, – deyə Azərbaycan XİN başçısı qeyd edib.