MİLYONLARLA İNSANIN TALEYİNİ DƏYİŞƏN ÇERNOBIL FACİƏSİ

875

MİLYONLARLA İNSANIN TALEYİNİ DƏYİŞƏN ÇERNOBIL FACİƏSİ

Çernobıl qəzası miqyasına görə Xirosima atom bombardmanından dəfələrlə üstün idi

34 il əvvəl, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu, bütün dünyanın atom energetikası tarixində ən böyük qəza idi. 1986-ci ildə həmin gün isə ölkə milyonlarla insanın taleyini dəyişəcək faciənin dəhşətli nəticələri haqqında hələ heç nə bilmirdi… Analitik.az bütün dünyanı sarsıdan, aradan onilliklər keçsə də, hələ də fasadları aradan qalxmayan Çernobıl Atom Elektrik Stansiyasındakı faciənin qısa tarixini xatırladır.

Reaktorun min tonluq damı göyə uçur

Partlayış, Ukraynanın paytaxtı Kiyevdən 120 kilometr aralıda, Belarusla həmsərhəd ərazidə yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-ci enerji blokunda baş verir. Həmin vaxt Çernobıl atom stansiyası dünyada ən iri atom stansiyalarından biri idi. O gecə turbogeneratorun fırlanma inersiyasının ölçülməsi üzrə eksperiment keçirilir. Elə təcrübənin ilk anlarından reaktorun işində kiçik nasazlıqlar yaranır. Texniki personal, belə təcrübənin bir neçə dəfə aparıldığına və heç bir xoşagəlməz hadisənin baş vermədiyinə arxayın olduğundan reaktorun elektrik cərəyanını kəsir. Əslində isə bu çox təhlükəli sınaq idi. Turbinlərə gedən su tədricən kəsilir və güclü buxarlanma baş verir. Yüksək istilik yanacaq generatorlarının səthinin dağılmasına səbəb olur. Eskperimentin başlanmasından 40-60 saniyə sonra yerli vaxtla saat 01:24-də iki böyük partlayış baş verir. Bəzi ekspertlərin fikrincə, daxili təhlükəsizlik sistemi cəmi 2 saniyə tez yandırılsaydı, turbogeneratorun çox qızmasının qabağını almaq mümkün ola bilərdi. Birinci partlayış nəticəsində yaranan buxar reaktorun min tonluq damını yerlə yeksan edir. İkinci partlayış isə birincidən cəmi 2-5 saniyə sonra baş verir. Hava reaktora daxil olur və tərkibində qrafit olan buxar hissəcikləri ilə reaksiyaya girir.

Nüvə qəzasının baş verməsinin daha bir səbəbi də var idi. Eksperimentin aparılmasından əvvəl reaktor dayandırılmalı idi. Lakin, onun söndürülməsini 9 saat müddətində təxirə salırlar. Bu, qarşıdakı 1 May bayramı ilə əlaqədar elektrik istehsal planının artıqlaması ilə yerinə yetirilməsi üçün lazım idi. Həm də gecə növbəsində reaktorla işdə az təcrübəli mütəxəssislər çalışırdılar. İlk anda nə baş verdiyini heç kim anlamır. Yanğınsa hər saniyə daha geniş vüsət alır. Sərhəd tanımayan radioaktiv şüalanma əvvəl ətraf ərazini, sonra isə minlərlə kilometr sahəni ağuşuna alır.

Yanğınsöndürənlər və pilotlar öldürücü dozada şüalanırlar

Qəzanın aradan qaldırılmasına hadisədən dərhal sonra başlanılır. Dördüncü blok və ümumiyyətlə, AES ətrafında şüalanmanın dərəcəsi haqda məlumat əldə etmək mümkün olmur: radoaktivliyi ölçən cihazların biri partlayış nəticəsində sıradan çıxmış, digəri isə dağıntılar səbəbindən əlçatmaz idi. Stansiyanın persanalı dağılmış blokun ətrafında olmanın nə qədər təhlükəli olduğunu ağıllarına belə gətirə bilməzdilər. Sonralar bu, AES –in direktorunun ünvanına səslənəcək daha bir ittiham olacaq.

Əraziyə ilk olaraq, yanğınsöndürənlər gəlir. Güclü şüalanma şəraitində onlar yanğını söndürməyə cəhd edirlər. Onların radioaktiv çirklənmədən heç bir qorunma vasitələri olmayıb. O gecə 4-cü blokun damında olan 28 yanğınsöndürənin hamısı öldürücü dozada şüalanmaya məruz qalır. Briqada blokun damındakı yanğını söndürməyə müvəffəq olur. Amma reaktorun özü yanmağa davam edirdi. Yanğınsöndürən briqadasının ardınca hadisə yerinə hərbçilər cəlb olunur. Reaktor hələ də yanmağa davam edir və min kilometrlərlə məsafəyə zəhərli toz və qazı ötürürdü.

Yanan reaktoru təcili zərərsizləşdirmək lazım idi. Lakin insanın 1 saniyə belə yaxınında dayana bilməyəcəyi bu qəza zonasında, çətin vəziyyətdə bunu necə həyata keçirməyi heç kəs bilmirdi. 28 apreldə qəza yerinə helikopterlər gəlir. Onlar qum və çınqılı yanan reaktorun üzərinə tökərək, alovu söndürməyə cəhd edirdilər. Bu zaman 150 metr hündürlükdə şüalanma dərəcəsi 3.5 min milli rentgen təşkil edirdi. Bu isə ölümcül dozadan 10 dəfə çox idi!

Helikopterin ekipajı sayılı dəqiqələr ərzində yüksəklik üzərindən 80 kiloluq qum kisələrini reaktorun üzərinə səpməli idilər. Ekipaj üzvlərindən bəziləri gün ərzində 33 uçuş keçirməyə məcbur idi: bu zaman onlar hər dəfə böyük həcmdə şüalanmaya məruz qalırdılar. Atmosferə yayılan zəhərli tüstülərin qarşısının alınması yalnız 10 gündən sonra mümkün oldu. “Sarkofaq” adlanan bu əməliyyat nəticəsində yanan reaktorun üzəri 5 min tona yaxın qum və çınqıllarla örtülür. Onu da qeyd edək ki, bu əməliyyatda iştirak edənlərin 130 nəfəri azərbaycanlı olub. O dövrdə bütün keçmiş sovet respublikalarından qəzanın aradan qaldırılmasında iştirak etmək üçün insanlar cəlb edilmişdi. Ümumiyyətlə, qəza zamanı digər sovet respublikaları kimi Azərbaycandan da əsasən gənclərdən ibarət 7 min nəfərdən çox vətəndaşımız böyük təhlükəyə baxmayaraq, Çernobıla yollandı. Onların çoxlu elə oradaca həlak olur, qalanları isə ömürlük əlillik qazanır və ya ağır xəstəliklərə tutulurlar…

SSRİ rəhbərliyi faciəni gizlədir

Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edərək, bir müddət bunu ictimaiyyətdən gizlədir. Sovetlərin rəsmi təbliğat qəzetləri yalnız 30 aprel tarixində SSRİ Nazirlər Soveti adından sadə bir məlumatla kifayətlənirlər. Bu məlumatda bildirilir ki, Çernobıl AES-də yanğın baş verib, onun nəticələri aradan qaldırılır, fakt üzrə hökumət komissiyası yaradılıb. Vəssalam Heç nə olmayıbmış kimi Kiyevdə 1 May nümayişi keçirilir. Bir çox şahidlərin dediklərinə görə, Çernobıl ilə bağlı vəziyyəti yaxşı bilən Ukrayna KP MK-nın birinci katibi Vladimir Şerbitski mərkəzdən və şəxsən Mixail Qorbaçovdan son ana qədər nümayişin ləğv edilməsinə razılıq verilməsini xahiş etmişdi. Lakin bütün cəhdləri boşa çıxmışdı. Nəticədə Şerbitski tribunada öz nəvələri ilə dayanaraq, əhalinin köcürülməsi haqda söz-söhbəti söndürməyə çalışmışdı.

Lakin Kiyevdə artıq narahatlıqlar başlamışdı. 1986-ci il mayın ortalarında həyəcan bütün Ukraynanı bürüyür. Kiyevdən 14 yaşınadək bütün uşaqlar evakuasiya edilir. Çernobıl AES ərazisində baş vermiş qəza və nəticələri haqqında şok və qorxulu məlumatların mətbuata çıxması üçün isə hələ bir neçə ay ötməsi lazım olacaq … 2 həftəlik mübarizədən sonra Sovet İttifaqının rəhbəri M.Qorbaçov mərkəzi televiziya ilə çıxlş edərək, Çernobılda dəhşətli atom qəzası baş verdiyini etiraf edir. Bu açıqlamadan sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk edir.

Qəzanın fəsadları 10 minlərlə insan faciəsi

Qəzanın ilk günü AES-də baş verən partlayış zamanı zərər çəkmiş 104 nəfər Moskva xəstəxanasına göndərilir. Bu arada qeyd edək ki, bilavasitə qəza zamanı yalnız 1 nəfər ölüb. Günorta saat dörddə isə yerli sakinlərin köçürülməsinə başlanılıb. Həmin gün 45 mindən çox yerli sakin təhlükəli ərazidən çıxarılır. 1986-ci ilin sonunadək isə 188 yaşayış məntəqəsindən təxminən 116 min sakin evakuasiya edilir.

1986 -cı ilin noyabrında radiasiyanın yayılmasının qarşısını almaq üçün 4-cü enerji blokunun üzərində sarkofaq deyilən beton izolə örtük tikilib. Qəzanın baş verdiyi ilk 3 il ərzində 250 mindən çox işçi fəlakətin nəticələrini minimuma endirmək üçün AES-in qəza ərazisində olub. Sonrakı illərdə isə qəzanın nəticələrinin aradan qaldırılması işlərinə təxminən 600 min nəfər cəlb olunur.

1993-ci ildə AES-ın ikinci enerji bloku, 1996-ci ildə isə birinci enerji bloku dayandırılıb. 2000-ci ildə üçüncü – sonuncu işləyən enerji bloku da dayandırılır. Beləliklə, 15 dekabr 2000-ci ildə Çernobıl stansiyasının fəaliyyəti tam dayandırılır. Ukrayna ali Radası 2065-ci iləcən Çernobıl AES-i tamamilə ləğv etmək barədə qərar qəbul edib. Bundan əlavə, yaxın illərdə stansiyanı təhlükəsiz obyektə çevirmək üçün istifadə olunmuş nüvə yanacağı anbarı tikmək planlaşdırılır. AES-in qəza zonası ətrafında 30 kilometrlik ölü zona yaranıb burada qəzanın baş verdiyi andan indiyəcən heç kim yaşamır. Radioaktiv maddələrlə çirklənmə bəzi məlumatlara görə, Ukraynada, Rusiyada və Belarusda 56 min kvadrat kilometr ərazini əhatə edib. Təxminən 5 milyon hektar torpaq sahəsi kənd təsərrüfatına yararsız kimi dövriyyədən çıxarılıb. Fəlakətin nəticələrinin uzun müddətliyi onunla bağlıdır ki, bəzi radioaktiv elementlərin məhvolma dövrü çox uzundur. Məsələn, ətraf mühitə atılan sezium və stronstiya izotopları təxminən 30 il ərzində torpaqda qalır. Nəticədə bu maddələr torpaqdan göbələklərə, bitkilərə ötürülür. Sonradan isə bu bitkilərlə qidalanan heyvanlara keçir. Bundan başqa, plutonium radioaktiv izotopları torpaqda yüz il qala bilər.

Çernobıl qəzası miqyasına görə Xirosima atom bombardmanından xeyli üstündür. Qrinpisin məlumata görə qəza nəticələrinin ləğvi zamanı həddən artıq dozada şüalanma nəticəsində təxminən 10 min adam həlak olub. Hadisədən sonra radioaktiv bulud bütün Avropanı da bürümüşdü. Sonrakı illərdə Avropada 10 minə yaxın körpə eybəcərliklərlə dünyaya gəldi. 10 mindən çox insan qalxanabənzər vəzinin xərçəngi xəstəliyinə tutuldu. Yüksək radiasiya fonu Daun sindromu, xərçəng şişləri, leykemiya, katarakt və bir çox başqa qorxulu xəstəliklərə yoluxma riskini artırdı.

Bir nüvə reaktoru yer kürəsinin tam yarısını zəhərləyə bilər

Çernobıl həyatımıza yeni sözlər gətirdi: “Çernobıl QİÇS-i”, “Çernobıl uşaqları”, “Çernobil əlilləri”… Faciədən otən illər ərzində aydın oldu ki, atom energetikası özündə atom silahından da böyük təhlükə gizlədir: Bir reaktordan atmosferə yayılan radioaktiv maddə Naqasaki və Xirasima bombalarının yaratdığı radioaktiv çirklənmədən yüz qat artıqdır. Məlum oldu ki, bir nüvə reaktoru yer kürəsinin tam yarısını zəhərləyə bilərmiş…

İlk dəfə keçən əsrin ortalarında SSRİ-də yaradılan və istifadə edilən, daha sonralar ABŞ, eləcə də bir çox Avropa ölkələrində tikilən belə elektrik stansiyalarının istifadəsi prosesi 1986-cı ildəki dəhşətli qəzadan sonra xeyli səngidi. Lakin son illərdə MAQATE –nin yaydığı məlumata görə, 2030-cu ilə qədər AES-lərin sayı ən azı 2 dəfə artacaq. Zəlzələ və sunamidən sonra Yaponiyada Fukusima-1 atom elektrik stansiyasının qəzalı və təhlükəli vəziyyətə düşməsindən bir qədər ehtiyatlansalar da, görünür bir çox ölkələr iqtisadi cəhətdən sərfəli olan, lakin bütün bəşəriyyətə qorxu saçan bu enerji mənbəyindən hələ də imtina etmək istəmirlər

Çernobıl əlillərinə dövlət qayğısı

Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin məlumata görə, hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Bu qəzanın aradan qaldırılmasında iştirak edən 7 min nəfərin 2 mindən çoxu artıq həyatda yoxdur. Ümummilli liderimiz, faciə baş verən zaman dəfələrlə qəza zonasına səfər etmiş və dəhşətləri öz gözləri ilə görmüş  Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində,  1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanun qəbul edib. Bu gün Azərbaycanda bu qanunu əsas tutaraq, Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir.

 

Hazırladı: 

Təsisçi və baş redaktor: Ruslan Həsənov

Araşdırma şöbəsinin müdiri: Mehman Eminov