İlham Əliyev. Azərbaycanı inamla irəli aparan Prezident …

1237

İlham Əliyev-Azərbaycanı inamla irəli aparan Prezident …

Həqiqətən də, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli liderin 1990-cı illərdə müəyyənləşdirdiyi bütün strateji hədəflər, cənab Prezidentin zamana uyğun olaraq atdığı taktiki addımlar nəticəsində bir çox ölkələrin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində nail oldu.

Son illər Azərbaycanda, paytaxt Bakıda elə bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyasət nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialoq apardığı məkana çevrilmişdir. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfü deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nın qeyri daimi üzvü seçilmiş və sədrlik etmişdir.

Bütövlükdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın. Bütün bunların kökündə yalnız bir amil durur: Respublika Prezidenti cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyasəti.

Mən artıq qeyd etdim ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatlar daima aparılır və aparılacaqdır. Ötən il aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə sistemli şəkildə keçirdiyi Nazirlər Kabinetinin geniş iclaslarında bəyan edir və onların icrasına nail olur. Özünün də dəfələrlə qeyd etdiyi kimi islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir. Buna görə də cənab Prezidentin apardığı sosial siyasətin kökündə insan amili durur.

Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə bir çox sosial layihələr icra olundu. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk növbədə sosial siyasət proqramını elan etdi. O zamanlar mövcud olmuş çadır düşərgələrinin ləğvi, qaçqınların və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsi və yaxud əsaslı təmir olunması, enerji, qaz, içməli və texniki su təminatı, əmək haqlarının, pensiya və təqaüdlərin artırılması, əlillərin müalicəsinin həm ölkə xaricində və daxilində təşkil olunması, dövlət başçısının apardığı sosial siyasətin nəticəsidir.

Burada xüsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Artıq iki ildir ki, birinci xanım ölkədə aparılan sosial siyasətdə çox böyük uğurlar əldə etmişdir. Təkcə keçən il 5800 məcburi köçkün, 600-ə yaxın Qarabağ əlili, şəhid ailəsi yeni mənzillərlə təmin olunmuşlar. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan işlər son vaxtlar pensiyaların, təqaüdlərin artması ilə bağlı verilən qərarlar dövlətin sosial siyasətə verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu göstərir və bu da əhali tərəfindən çox yüksək qiymətləndirilir. Tam səmimi demək istəyirəm ki, cənab Prezidentin Mehriban xanımla birlikdə şəhid ailələri ilə, regionlarda əhali ilə görüşləri xalq tərəfindən necə də böyük sevinclə qarşılanır və bunu xalqa xidmətin ən böyük nümunəsi kimi qiymətləndirir. Əhəmiyyəti isə ondan ibarətdir ki, cəmiyyətdə sosial gərginlik yaranmır, xalq cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə ümidlə baxır.

Kənd təsərrüfatının inkişafı üçün meliorasiya tədbirləri həyata keçirilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiya, texnika verilmişdir.

Artıq güclü lider ətrafında sıx birləşmiş güclü dövlət, güclü xalq vardır. Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir birini qəbul etməyən dırnaqarası “liderlərin” sözlərinə inanmır, onları dəstəkləmir.

Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf  etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünən və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemli şəkildə zaman-zaman öz həllini tapır.

Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-Prezident vəhdəti əsasında  mövcud sabitliyi qorusun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhvəsini versin.

Asif Aydın oğlu Mikayılov

BAKI İXTİSASLAŞDIRILMIŞ ELEKTRİK AVADANLIQLARININ TƏMİR-QURAŞDIRMA VƏ SAZLAMA İDARƏSİNİN RƏİSİ

 

Xəbər portalının baş direktoru: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 050-212-43-95