“O sualı Elxan Məmmədovdan bir daha soruşun” – Rəşad Sadıqov

600

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Düdelanj”la oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Minval.info xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyunu şərh edib:

“Rəqibin oyun üslubu, pressinq etməsi həqiqətən də bizim üçün gözlənilməz oldu. Biz təcrübəli komandayıq və belə şeylərə hazır olmalıyıq. Təəssüf ki, buna hazır olmadıq və rəqib ilk hissədə bizə oynamaq imkanı vermədi. Düzdür, qol epizodları olurdu, amma oyunumuzu oynaya bilmirdik. Fasilədə baş məşqçimiz bizi sərt şəkildə tənqid etdi, tələb elədi ki, ikinci hissədə topa sahib olaq, sürətli oynayaq. İkinci hissə başlayan kimi azlıqda qaldıq, az sonra isə qol buraxdıq. Amma əzmkarlıq göstərdik. Hətta məğlub olsaydıq belə, bu sözləri deyəcəkdim. Bir neçə real qol imkanımız oldu. Şükürlər olsun ki, hesbaı bərabərləşdirdik və qrup mərhələsini məğlubiyyətlə başa vurmadıq.

– Oyunun formal xarakter daşıması motivasiyanıza təsir etdi?
– Həqiqətən də çox səbəblər var. Tək bu deyil. Komandamız 30-a yaxın oyun keçirib. Milli üzvləri heyətimizdə çoxdur və onlar 33-34 matç keçiriblər. Komanda çox yorğundur. Düzdür, bunu təkrar edirəm, amma komanda yorğundur. Motivasiya baxımından böyük zərbələr almışdıq. Qrupdan çıxmağa ümidli idik. Oyundan öncə isinmə hərəkətlərindən geri qayıdarkən Qurban Qurbanov bizi sərt tənqid elədi ki, xoşuma gəlmədiniz. Hamı səbəbi bilir. 0:1-dən sonra komanda ayıldı və uduzmaq istəmədiyini göstərdi. Hər oyuna ciddi yanaşmalıyıq. “Qarabağ” forması ilə oyuna çıxarkən sona qədər mübarizə aparmalıyıq.

– “Qarabağ”ın qrupda 3-cü yeri tutması gücünü göstərir, yoxsa bəxti gətirmədi?
– APOEL-lə gücümüz bərabər idi. Oyunlar göstərdi ki, onlardan qat-qat üstün idik. Fikir verirdinizsə, onların açıqlamalarında bir şübhə var idi. Hamı gördü ki, APOEL-dən qat-qat üstün oynadıq. Əsas da səfərdəki oyunda çoxlu qol şanslarını əldən verdik. Heç olmasa 1 qol vursaydıq, bu oyun formal olacaqdı. Belə hallarla çox qarşılaşmışıq. Öncəki illərdə Çempionlar Liqasında “Seltik” və “Viktoriya” ilə oyunlarda yaxşı mübarizə aparsaq da, sonda alındıra bilmirdik. Elə oldu ki, həmin periodu da aşdıq. Belə hallar səbir, zəhmət tələb edir. Səbirli olub, növbəti mövsümləri gözləyək. Qrupa düşməyi bu qədər adiləşdirmək olmaz. Bəli, bu il yaxşı şans var idi. Oyun baxımından da yaxşı idik.

– APOEL-in “Sevilya”ya qalib gəlməsi sizin üçün gözlənilməz olmadı?
– Bu haqda məlumatlı deyiləm. APOEL zəif rəqib deyildi. Biz onları iki oyunda üstələdik, amma qalib gələ bilmədik.

– Püşk atılanda “Qarabağ”ın “Düdelanj” və APOEL-lə bərabər səviyyədə olduğunu və bu qrupdan çıxmalı olduğunuzu söyləmişdiniz.
– Həyatımda belə söz deməmişəm. Çox əminəm. Öz mentalitetimi bilirəm. Çalışacağımızı və güclərin bərabər olduğunu söyləmişdim. Əvvəlcədən proqnoz vermək olar. “Düdelanj”a bu gün uduza da bilərdik. Bu rəqib APOEL-i məğlub edib. Evdə də APOEL-ə qarşı yaxşı oynamışdılar və qol imkanları yaratmışdılar. Sadəcə, iki künc zərbəsindən qol buraxmışdılar. Belə epizodlar çox oldu. Bir epizod çox şeyi həll edə bilərdi. Bizim xeyrimizə olmadı. Qrupa düşməyi adiləşdirmək olmaz. İstəməzdim gələcəkdə bu, bizim üçün yenidən arzu olsun. Çox çətindir, 4 tur keçirsən, Avropa klublarına qarşı oynayırsan. Arzu edərəm ki, hər klubumuz qrupa düşsün. Hətta qrupda bir qələbənin arzusunda idik. Bilirəm, hamının arzusudur. Biz də çox istəyirdik. Komandanı və hətta məni də tənqid edənləri mormal qarşılayıram. Səhv varsa, tənqid olacaq. Bəzi şeyləri isə unutmaq olmaz. Mənə görə Azərbaycan klubunun Avropa Liqasının qrupunda oynaması uğurdur. Bu gün deyirəm və sabah oynamasam da, bunu söyləyəcəm.

– Heyətin kasad olması “Qarabağ”a mane oldu?
– Bilmirsən ki, nədən danışasan. Mənə görə əsas problem qol epizodlarından istifadə etməmək oldu. 6 oyunda 22-23 real qol şansımız oldu.

– Komandanın neçə faizi dəyişməlidir ki, yeni mövsümdə də qruplarda çıxış edə biləsiniz?
– Bu mövsüm heyətimiz uğurlu idi. Qrupa düşmüşüksə, yaxşı oynamışıqsa, problem yoxdur. Amma hər il 2-3 yeni adam istəyərik və yeni nəfəs gəlsin. Pep Qvardiola “Barselona”da 5 il, “Bayern”də 3 il çalışdı. Çox işləmədi, kifayət etdiyini düşünürdü. Bəzən dəyişikliklər komandanın xeyrinə olur.

– Sabah İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sizcə, yığma komandamızın yeni baş məşqçisi əcnəbi, yoxsa yerli olmalıdır?
– Həmişə yerli məşqçinin tərəfdarı olmuşam. Əcnəbi mütəxəssisin təcrübəsindən danışırlar. Mənə maraqlıdır, Nikola Yurçeviçin hansı təcrübəsi var idi ki? Təcrübə problem deyil, əsas odur ki, oyunçularla dil tapa biləsən, mentalitet bir olsun. Buna görə də yerli mütəxəssis istəyirəm. Əgər əcnəbi olacaqsa, çox istəyərəm ki, Robert Prosineçki olsun. O, Azərbaycan mentalitetini tez qavradı, futbolçularla dil tapdı. Yerli istəyirəm, amma əcnəbi olacaqsa, yeganə istəyim Robert Prosineçkidir.

– AFFA-nın baş katibi Elxan Məmmədov İTV-dəki verilişdə sizin yığmadan göndərilməyinizin səbəbində bilrdi ki, Rəşad Sadıqov həm də futbol oynayırdı.
– Düz cavab deyil ki. Təyinatdan öncə beş dəfə söhbət olmuşdu və razılaşmırdım. Futbol oynadığımı deyirdim. Söhbətlər, görüşlər olub. Görüşdə “Qarabağ”da oynaya-oynaya U-19 komandasını çalışdırdığımı və “Atletiko”ya səfərdə qalib gəldiyimi deyiblər. Yəni, təcrübəmin olduğunu, futbolçuları tanıdğımı bildirirdilər. Mən də razılaşdım. Hətta göndərilməmişdən bir gün qabaq Elxan Məmmədovla telefon danışığında bildirdim ki, problem mənim futbol oynamağımdadırsa, karyeramı bitirə bilərəm. Səbəb soruşanda dedilər ki, həm məşqçisən, həm də futbolçu. Bildirdim ki, karyeramı bitirə bilərəm. Bu məsələ futbolçu karyerası ilə bağlı deyil. Bunu ora yönəltmək lazım deyil. Millidən getməyim futbolçu karyerama görə deyildi. Mən keçən il karyeramı bitirəcəkdim. Bu söhbət də olmuşdu dekabr ayında. Orda bildirdim ki, məşqçi karyeramı davam etdirmək istəyirəm. İstəyirsinizsə, karyeramı bitirib, məşqçi ola bilərəm. Sonra isə cavab gəlmədi.

– Əsl səbəbi açıqlaya bilərsiniz?
– Qərarı qarşı tərəf verib. Əsl səbəbi Elxan Məmmədovdan soruşsanız, daha yaxşı olar. Deyir ki, futbolçu olduğuna görə… Yaxşı olardı ki, bir daha soruşasınız.