“Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq” — Deputat

593
"Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq" — Deputat

“Düşünürəm ki, həyata keçirilən islahatların bir neçə aparıcı qüvvəsi var. Bunlardan birincisi hədəflərin müəyyən edilməsidir. Artıq cənab Prezidentin ölkənin gələcək inkişafı ilə bağlı 2016-ci ildən etibarən müəyyən etdiyi Strateji yol xəritəsinə uyğun olaraq addımlar atılmaqdadır”.
Bunu açıqlamasında millət vəkili Tahir Mirkişili Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının yürütdüyü siyasətin əsas qayəsi ölkəmizin inkişaf etmiş ölkələr sırasına daxil olması, insanların rahat, təhlükəsiz, sosial rifah halında yaşamasıdır.

“Bunun üçün də iqtisadiyyatımız daha da inkişaf etdirilməli, sahibkarlığın inkişafına imkan yaradılmalıdır. Burada ikinci məqsəd ölkənin dinamik və dayanıqlı inkişafını təmin etmək üçün qanunvercilik səviyyəsində hüquqi bazanın yaradılmasıdır. İslahatların dərinləşdirilməsi üçün bu istiqamətdə də işlər gedir.

Ən nəhayət, üçüncü mühüm mərhələdə qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövrün tələblərinə cavab verə bilən uğurlu kadrlara ehtiyac var. Belə deyək, hədəf bəllidir. Bunun üçün bütün lazimi mexanizmlər yaradılıb. Ancaq icra prosesində bu mexanizmə və hədəflərə çatmaq üçün tapşırıqları uğurla icra edə biləcək, dinamikliyi saxlaya biləcək, həmçinin hansısa tapşırıq gözləmədən yaradıcı kadrlar olmalıdır. Ölkə başçısının sonuncu kadr islahatları yaradılan bu mexanizmləri işə salmaq məqəsdi daşıyır”, – deyə deputat bildirib.
Deputat əlavə edib ki, qarşıda duran hədəflərə nail olmaq üçün Azərbaycanın böyük imkan və potensiları var və bundan faydalanmaq üçün uğurlu kadrlara ehtiyac var:

“Ölkə iqtisadiyyatında dinamikanı təmin etmək üçün potensialdan hələ də tam istifadə edilmir. Hansı ki, bunu etmək olar. Hansı ki, biz gömrük və vergi sahəsində həyata keçirilən islahatlar zamanı bunun şahidi olduq. Bütün bunları nəzərə alan ölkə başçısı kadr islahatlarına start verib. Cənab Prezidentin dediyi kimi təyin olunan yeni kadrlar etimadı doğrultmaqla, işlərini qarşıya qoyulan hədəflərə çatması istiqamətində qurmaqla, xalqın etimadını qazanmaqla, sahibkarlığın inkişafına şərait yaratmaqla iqtisadi daha da inkişaf etdirilməsinə nail olmalıdırlar.

Hesab edirəm ki, ölkə başçısı qarşıya qoyulan hədəflərə nail olmaq üçün daha çox gənc kadrlar üstünlük verir. Ümid edirəm ki, yeni kadrlar ölkə başçısının etimadını doğruldacaq və daha qısa zamanda qarşıya qoyulan hədəflərə nail olunacaq”.