Metyu Brayza: “Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir”

736

2019-05-22_191425

Qarabağ probleminin həllində ən kiçik irəliləyişlərin olma ehtimalı yaranan kimi, Ermənistan dərhal təxribatçı tezislər irəli sürərək, əldə oluna biləcək razılığı kökündən vuran açıqlamalar verir.

Bu dəfə isə “Qarabağ Ermənistandır” ifadəsindən sonra baş nazir Nikol Paşinyan, Dağlıq Qarabağın gələcək statusunu təyin edə biləcək referendumla bağlı çoxdan bəri mövcud olan ideyanı yenidən ortaya qoydu.

Paşinyan deyib ki, Qarabağla bağlı danışıqlar prosesində erməni xalqı üçün məqbul olan həll variantı formalaşanda ümumrespublika müzakirələri aparılmalı və qərarlar milli formatda qəbul edilməlidir.

Bununla yanaşı, Ermənistan lideri buna kömək edəcək heç nəyin (referendumdan başqa!) adını çəkmədən hamı – Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul bir həll yolunda israr etməkdə davam edir. “Əgər bu (məqbul – red.) seçim tapılsa, o, xalqın ixtiyarına veriləcək və ictimai müzakirəyə çıxarılacaq”,- deyə Paşinyan yenidən heç kimə aydın olmayan vəd verir.

Bəs Paşinyan hansı referendumu nəzərdə tutur və o harada keçirəcək – Ermənistanda, yoxsa Qarabağda? Həm orada, həm də burada beynəlxalq hüquq normalarına zidd olacaq, çünki Dağlıq Qarabağ Ermənistanın hüdudlarından kənarda, Azərbaycanın sərhədləri daxilindədir və burada istənilən rəsmi hərəkət yalnız Bakının razılığı ilə qanuni sayıla bilər. Razılıq isə işğalçı erməni qoşunları Qarabağı tərk etsə və zorla qovulmuş Azərbaycan əhalisi oraya qaytarılsa əldə edilə bilər. Yəni, hər iki etnik icmanın iştirakı ilə referendum keçirilə bilər, əks halda bu “populyar bir həll” mənasını verən nə plebisitdır…

Beləliklə, Paşinyanın əsassız bəyanatları və planları heç onun ətrafındakılara da o qədər aydın deyil, hələ biz adi və sadə insanları demirik.

Ermənistan dövlət başçısının açıqlaması ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, problemi dərindən bilən Metyu Brayzanı da təəccübləndirib. Amerikalı diplomat virtualaz.org-a eksklüziv açıqlamasında bildirib ki, həmsədrlər heç vaxt Ermənistanda referendum məsələsinə baxmayıblar.

“Bəli, biz bütün bölgə əhalisinin iştirakı ilə Qarabağda referendum məsələsini müzakirə etmişik, lakin ayrıca Ermənistanda yox, heç bir halda. Bu, bizim gündəmimizdə olmayıb. Əgər Paşinyan Ermənistanda referendum elan etsə, Azərbaycanın da eyni hüququ var. Ümumiyyətlə, onun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bütün açıqlamaları Qarabağ klanının təzyiqi altında edilir, buna görə də belə ziddiyyətlidir”,-deyə Brayza vurğulayıb.

Rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Aleksandr Krılov da Paşinyanın fikrini tamamilə rədd etmədən, səmərəsiz hesab edir. “Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb münaqişədir və orada vəziyyəti yalnız referendum yolu ilə dəyişə bilməzsiniz”,-deyə o erməni KİV-inə müsahibəsində bildirib.(virtualaz.org)