Azərbaycançılıq məfkurəsi

102

Azərbaycançılıq məfkurəsi

 

 

 

 

Azərbaycan xalqı, dövləti və cəmiyyəti XX əsr dünya tarixinin yetirdiyi ən parlaq və heyrətamiz zəka sahiblərindən biri, Azərbaycan Respublikasının memarı, milli ideologiyamızın banisi ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti müasir mərhələ də uğurla inkişaf edir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin praqmatik və sistematik şəkildə həyata keçirilməsi nəticəsində çiçəklənən bir diyara çevrilən Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında özünün dinamik və hərtərəfli mövqeyi ilə seçilir. Ulu Öndərin xalqımıza bəxş etdiyi ən qiymətli töhfə onun milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını uğurla həyata keçirən, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə realizə edən, intensiv sürət və geniş vüsətlə gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Müasir dövrün yeni lideri olan İlham Əliyevin dövlətimizə rəhbərlik illərində ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə imza atdığı çoxsaylı uğurlar, Azərbaycanın regionda nüfuz, güc sahibinə çevrilməsi, modernləşməsi ulu öndər Heydər Əliyevin uzaqgörənlik nümunəsi olmasının canlı təsdiqidir.

Azərbaycan Prezidenti İlham Əliyev üçüncü dəfə prezident seçilərək, çox dəqiq siyasi ustalıqla, dünyada baş verən bütün prosesləri nəzərə almaqla, ölkəmizin inkişaf hədəflərini dəqiqliyi ilə müəyyən edərək siyasi fəaliyyətə başladı. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Azərbaycanın dünyada mövqeyi onun gündən-günə qüdrətli dövlətə çevrilməsi bir faktdır. Prezidentin siyasi və dövlət xadimi kimi fəaliyyətini qiymətləndirərək, dünyada qəbul olunmuş kəmiyyət və keyfiyyət meyarlarına müraciət edərkən onun uğurlu siyasətini əyani formada görmək mümkündür.

2018-ci ildə Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində əhalinin sosial rifah halı yaxşılaşıb, işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi, müharibə veteranları (Qarabağ, Əfqanıstan), Çernobıl qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkənlər, qaçqın və məcburi köçkünlər, çoxuşaqlı ailələr, tələbələr daim dövlətin diqqət mərkəzindədir.

Ötən bir il ərzində dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən böyük islahatlar həyata keçirilib. Şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün birdəfəlik müavinətlər, tələbə, magistr təqaüdlərinin artırılması, minimum əməkhaqqının yüksəldilməsi, cəmiyyətimizi narahat edən problemli kreditlərin öz həllini tapması və dövlətimizin başçısının ictimai-siyasi xadimlərlə, gənclərlə, hərbçilərlə, mədəniyyət və incəsənət xadimləri ilə, regionlarda sadə zəhmətkeşlərlə görüşməsi, onların sosial-iqtisadi problemləri ilə maraqlanması, zəlzələdən zərər çəkmiş vətəndaşların evlərinin təmiri və ya yeni evlərlə təmin olunması, ticarət mərkəzində yanğın nəticəsində zərər çəkmiş sahibkarlara dövlətin yardım əlini uzatması və onların bütün zərərlərinin dövlət büdcəsi hesabına ödənilməsi, bir çox fərdi problemlərin yerindəcə öz həllini tapması, Azərbaycan vətəndaşlarının istək və arzularına uyğun olaraq, məsələlərin həlli Azərbaycan dövlətinin vətəndaşına verdiyi dəyərin ən bariz nümunəsidir.

Bu gün Azərbaycanda neft sənayesinin inkişafı real faktdır. Qeyri-neft sektoruna da xüsusi önəm verilməsi vacib məsələyə çevrilmişdir. Azərbaycan Respublikasında qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib, yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb. İqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, qeyri-neft ixracının artırılması və dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirilən siyasət qeyri-neft sektorunun əvvəlki onilliklə müqayisədə daha çox artacağını şərtləndirir.

2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 2018-ci il sentyabrın 18-də yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin göstərişi ilə 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) yaradılıb. Ölkəmizdə tikinti, turizm sektoru inkişaf edir, genişmiqyaslı və uğurlu layihələrin həyata keçirilməsi Azərbaycanı Avropa və bütün dünyada tanıdır. Azərbaycanda beynəlxalq forumların keçirilməsi dövlətimizin nüfuzunun artmasını əyani formada bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirən, milli dövlətçiliyimizin ideya əsasını özündə cəmləşdirən, milli şüurun yüksəlişinə xidmət edən, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradan ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin və dövlətçilik fəlsəfəsinin hər gün daha da güclənməsi, qüdrətlənməsi üçün böyük əzmlə çalışan və ümumxalq məhəbbəti qazanmış kamil dövlət xadimi kimi respublika vətəndaşlarının qəlbində böyük ehtiram ünvanı qazanıb və bu ünvan xalqımız üçün dəyişməzdir.

Alıyev Alı Nuşrəvan oğlu

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı

 

 

 

 

 

 

http://beynelxalqinformasiyaagentliyi.az/ xəbər portalının Baş direktoru, “Məxfi Fikir” qəzetinin təsisçi və baş redaktoru:

Həsənov Ruslan şamməd oğlu

Tel.: 050-244-48-19; 070-200-33-85