Azərbaycan səhiyyəsi: uğurlar və perspektiv vəzifələr

759

Azərbaycan səhiyyəsi: uğurlar və perspektiv vəzifələr

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Azərbaycan səhiyyəsinin 26 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.

Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Son 16 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.

Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2013-cü illə müqayisədə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmiş və öz xeyr-duasını vermişdir.

Bundan əlavə, stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşdırılmış, istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmışdır. Xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 16 ildə 3 dəfə yüksəlmiş və ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65 faiz çoxalmışdır.

Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutan Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən “Sağlamlıq ayı” xəstəliklərin profilaktikası istiqamətdə atılan uğurlu addımlardandır. Elmi-tədqiqat institutlarının, aparıcı tibb müəssisələrinin mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyaya cəlb olunmuşlar. Profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Respublikanın bütün şəhər və rayonları bu müayinələrlə əhatə olunmuşdur. “Sağlamlıq ayı” ərzində 3 milyona yaxın müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunmuşlar. Belə aksiyaların gələcəkdə də keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda indiyədək 1363 mütəxəssis öz təcrübi biliklərini artırmışdır.

Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. 2013-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərar qəbul olunmuşdur.

 

Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılacaq, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılacaqdır. Eyni zamanda, ambulator-poliklinika xidmətinin təkmilləşdirilməsi üçün fəal və məqsədyönlü iş aparılacaqdır.

Eyni zamanda, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013–2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələr və dispanserləşdirmə aparılması işi gücləndiriləcəkdir.

Bunlarla bərabər, əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görüləcəkdir. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılacaqdır.

Bunlar dövlətimizin başçısı tərəfindən əhalinin sağlamlığının daha etibarlı qorunması naminə müəyyən etdiyi vəzifələrdir. Şübhə yoxdur ki, Azərbaycanın dinamik iqtisadi inkişafı səhiyyə işçilərinə bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan yaradacaqdır.

 

Dossent Ramiz Poluxov

ATU,Uşaq cərrahiyyəsi kafedrasının müdiri
Uşaq cərrahı

 

 

 

 

 

 

 

Baş direktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85;   050-244-48-19