“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Şamaxıda

143

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Şamaxıda

 

 

 

Ənənəvi mədəniyyət bayramı öz işini  Şamaxı  şəhərində davam edib.
Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub.  Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar  “Nağaraçalanlar”,  “Piriqulu”  instrumental ansamblın maraqlı ifaları  ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları,  istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib.
Yaradıcılıq festivalı  “Buta”  rəqs,   “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib.
Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə  bağlı kompozisiyada  hazırlayıblar. Şairin  obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib.
Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi  festivalın sərgi hissəsinə baxış  keçirib.
Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız  və digər materiallardan hazırlanan  bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq  kimi digər  sənət növlərinə aid olan yaradıcılıq nümunələri  sərgilənib.
Yaradıcılıq Festivalının konsert hissəsində  hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən  respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.