Ulu öndər Heydər Əliyev mədəni irsimizin qorunmasına xüsusi qayğı göstərmişdir

860

Ulu öndər Heydər Əliyev mədəni irsimizin qorunmasına xüsusi qayğı göstərmişdir

Müasir Azərbaycan tarixinin 40 ildən artıq bir dövrünü əhatə edən mərhələ, bu dövrdəki ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrindəki dirçəliş xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev elmi-ictimai fikir tariximizə elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi kimi də daxil olmuşdur. Onun elmin, mədəniyyətin, iqtisadiyyatın, təhsilin inkişafı, təhsilin məzmununun zənginləşdirilməsi, praktik təsir gücünün artırılması ilə bağlı  əvəzsiz ideyaları ölkəmizə rəhbərliyinin hər iki dövründə öz bəhrələrini vermişdir. Müdrik şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu ideyalar sırasında milli mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə malikdir. Ulu öndərin fikrincə, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Azərbaycan mədəniyyətinin inkişafına, mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini vermişdir. Çağdaş kitabxana quruculuğunun özülü ötən əsrin 70-ci illərinin əvvəllərində qoyulmuşdur. Bu dövrdə yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi buna əyani sübutdur.

Bu gün Azərbaycan xalqına kitab xidmətinin təşkilində mühüm rol oynayan şəhər və rayon mərkəzləşdirilmiş kitabxana sistemləri də məhz o illərdə təşkil olunmuşdur. 1974-cü ildə dahi rəhbərin imzaladığı “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” Qərara əsasən, yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində əhəmiyyətli rol oynayırlar.
Məlum olduğu kimi, 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb tarixi şəraitdə Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərin xalqın təkidli tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması, bütövlükdə, elmimizi, mədəniyyətimizi tamamilə dağıdılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını almışdır.
1995-ci ilin sentyabr ayında ulu öndər “Azərbaycan Respublikasında 1995-1998-ci illər dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı Fərman imzalamışdır. Bu fərmanın imzalanması kitabxanaların qorunub saxlanmasına şərait yaratmışdır. Fərmanda kitabxanalarda saxlanılan sərvətlərin, onların binasının və sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev kitabxana işi ilə bağlı bir sıra dövlət əhəmiyyətli qanun və fərmanlar vermiş, 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiqi ilə bağlı ulu öndərimiz 12 mart 1999-cu il tarixdə Fərman imzalamışdır. Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanunu dövlət kitabxana şəbəkəsinin formalaşdırılmasında, kitabxana sahəsinə dair normativ hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynamışdır.
Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir. Ulu öndərin sözügedən qanunun tətbiqi ilə əlaqədar imzaladığı 1999-cu il 12 mart tarixli fərmanın ən mühüm cəhətlərindən biri odur ki, burada Azərbaycan xalqının uzun illərdən bəri yaradıb formalaşdırdığı kitabxana işinə çox yüksək qiymət verilmişdir. Fərmanda kitabxanaların inkişafına tarixi bir nəzər salınmış, ölkə kitabxanalarının tutduğu mühüm yer müəyyənləşdirilmiş, kitabxanaların dünya informasiya məkanına daxil olmasının təmin edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə müvafiq qurumlara konkret tapşırıqlar verilmişdir.
Məlum həqiqətdir ki, ölkəmizdə kitabxana işinin beynəlxalq standartlara uyğunlaşdırılmasında kadr potensialı mühüm rol oynayır. Məhz buna görədir ki, 1993-2000-ci illərdə respublikamızda ali və orta ixtisas təhsilli kitabxanaçı kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində ali ixtisas təhsilli, Bakı Mədəni-Maarif Texnikumunun Kitabxanaçılıq bölməsində orta ixtisas təhsilli kitabxanaçı kadrların hazırlanması müvəffəqiyyətlə davam etdirilmişdir. Fakültənin çoxpilləli təhsil sisteminə keçməsi, bakalavriantlarla yanaşı, magistrantların hazırlanması kadr hazır­lığının potensial imkanlarını gücləndirməklə böyük elmi kitabxanalarımızı yüksək peşəkar kadrlarla təmin etmək imkanı yaratmışdır.
1998-2000-ci illər kitabxanalar üçün ənənəvi texnologiyalardan yeni kompyuter texnologiyalarına keçid dövrü kimi səciyyələnir.
Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində respublikanın şəhərlərində, rayon və kəndlərində yeni kitabxanalar tikilib istifadəyə verilmiş, onlar yeni ədəbiyyatlarla zənginləşdirilmişdir. Fikrimizi əsaslandırmaq üçün kitabxanalar haqqında toplanmış bəzi statistik məlumatlara diqqət edək. 1990-cı illərin əvvəllərində 685 ümumtəhsil müəssisəsində (əsasən, kənd məktəblərində) kitabxana olmamış, bu illərdə 80 milyon nüsxə kitab fonduna malik olan 7900 kitabxana olduğu halda, hazırda ölkəmizdə geniş kitabxana-informasiya şəbəkələrinə malik 12 mindən artıq müxtəliftipli kitabxana fəaliyyət göstərir.
Bütün bunlar xalqını, Vətənini ürəkdən sevən, onun mədəniyyətinə və mənəvi sərvətlərinə diqqət və qayğını öz həyat amalına çevirən işıqlı şəxsiyyətin nəcib əməllərinin bariz ifadəsidir.
Ulu öndərimizin böyüklüyü bir də ondadır ki, bu dahi şəxsiyyət yalnız Azərbaycanın inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, həm də bu strateji kursu müasir dövrün tələbinə uyğun davam etdirməyə qadir, istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir. Ümummilli lider Heydər Əliyevin müstəqil milli ənənələrə, ümumbəşəri dəyərlərə, dünya standartlarına malik təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müxtəlif illərdə milli-mənəvi sərvətimiz olan kitabxanalar və onların zənginləşdirilməsi haqqında çox dəyərli qərarlar qəbul etmiş, sərəncamlar imzalamışdır. Azərbaycan Milli Ensi­klopediyasının nəşri, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi, Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması, Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında imzaladığı qərar və sərəncamlar belə dəyərli sənədlərdəndir. Şübhəsiz ki, bu qərar və sərəncamlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsinin toplayıcısı, qoruyucusu olan kitabxanaların fəaliyyətində mühüm rol oynayır.
Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, milli-mənəvi irsimiz olan kitabxanalarımız zəngin mütərəqqi ənənələrə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edəcək.


 

 

 

 

 

 

Baş direktor: Həsənov Hacı Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85;  050-244-48-19