“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə

657

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə

Ənənəvi mədəniyyət bayramı öz işini  Kürdəmir rayonununda davam etdirib.

Festivalın proqramı Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 – cı ildönümünə həsr olunub.

Yaradıcılıq festivalında Ümummilli Lider, Heydər Əliyevin anadan olmasının 96 – cı ildönümü münasibəti ilə “Xalq Heydər söyləyəcək”, “Azərbaycan”  mahnıları  kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.

Bundan başqa, qiraət ustalarının təqdimatında  “Sən elə bir zirvəsən” adlı kompozisiyada nümayiş olunub.

Mədəniyyət bayramının zəngin proqramını  aktyorların  təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması,  nağıl qərəmanlarının səhnələşdirilməsi  maraqlı edib.

Daha sonra  festival   Beyləqan Mədəniyyət Mərkəzinin “Yaylalar” folklor qrupunun  biri-birindən maraqlı rəqs nümunələri ilə davam edib.

 

Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin  “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Həmçinin,  festivalda Beyləqan Rayon İdman Klubunun  bir qrup idmançıları da  öz məharətlərin nümayiş ediblər.

Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi  festivalın sərgi hissəsinə baxış  keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız  və digər materiallardan hazırlanan  bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq  kimi digər  sənət növlərinə aid olan yaradıcılıq nümunələri  sərgilənib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq  nümunələri ilə  qonaqların diqqət mərkəzində olub.

Yaradıcılıq Festivalının konsert hissəsində  hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən  respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın  may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.